Və’z etdiyin inandı, sən amma inanmadın!

Və’z etdiyin inandı, sən amma inanmadın!
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Və’z etdiyin inandı, sən amma inanmadın!
Ya lil’əcəb, məgər yorulub bir usanmadın?!
Yatdıqca xabi-qəflət ilə millətin sənin,
Vəqf oldu layla söyləməyə xidmətin sənin,
Hər gün genəldi daireyi-hörmətin sənin,
El uğradıqca fəqrə, şişib sərvətin sənin,
Millət arıqladıqca kökəldi ətin sənin!
Rüşvət həramdır, dedin, aldın, utanmadın!
Mali-yetimə – od – deyə uddun da, yanmadın!
Qəssabxanəni bizə darül’aman dedin,
Doğru libasına bürünüb, min yalan dedin,
Olduqsa müştəbih: "Qələt etmə, inan!" – dedin,
Kim yaxşı söylədisə, ona min yaman dedin,
Qeyzə gəlib bərəldi gözün, lantaran dedin;
Bir vəqt olar tanır səni hər kimsə, qanmadın!
Bu məhz bir söz idi – həqiqətdi sanmadın!
Fəssad olub da milləti daim damarladın,
Hər kəs əlindəkin yerə atdı, qamarladın,
Ciyfə dedikcə mali-cəhanı toparladın,
Fani dedikcə mülkə, – imarət hamarladın,
Sərrişteyi-mədaxili möhkəm yumarladın,
Rüşvət həramdır, dedin, aldın, utanmadın!
Və’z etdiyin inandı, sən amma inanmadın!
Qövli-sərih ikən, əcəba, "mən kəfər" sözü,
Etməkdəsən bəhaneyi-təkfir hər sözü.
Zənnim budur ki, ortada gər olsa zər sözü,
Hərgiz danışmasan belə alçaq1, hədər sözü,
Vicdanə, abruyə, həyayə dəyər sözü,
Bir vəqt olar tanır səni hər kimsə, qanmadın!
Ya lil’əcəb, məgər yorulub bir usanmadın?!
Cildi-qənəmdə oldun əcəb gürgi-canşikar,
Nəfsin susub, yorulmayaraq oldu tö’məxar,
Hiylən duyuldu şimdi, sənə olmaz е’tibar,
Əsrari-müxtəfilərin olduqca aşikar –
Qalsın deyə səhayifi-dəftərdə yadigar –
Bir vəqt olar tanır səni hər kimsə, qanmadın!2
Ya lil’əcəb, məgər yorulub bir usanmadın?!