Vəfalı tərlan
Müəllif: Şifahi xalq ədəbiyyatı


Deyirlər ki, keçmiş zamanlarda bir racənin sevimli bir tərlanı vardı.

Bir dəfə racə tərlanı əlinin üstündə oturdub ova çıxdı. Birdən racə bir dağ keçisinin qaçdığını gördü. Racə atını qovub dağ keçisinin dalınca çapdı. Qoşun-ləşgəri nə qədər çalışdılar ki, ona çatsınlar, ancaq atlarını qovub racəyə çata bilmədilər və onu gözdən itirdilər.

Racə isə dağ keçisini qovmaqdan yorulub bərk susamışdı. O, dağların üstündə atını o tərəf-bu tərəfə çox çapdı ki, bəlkə bir bulağa rast gəlsin. Nəhayət o gəlib yüksək bir qayanın ətəyinə çatdı. Gördü ki, bu qayanın başından yavaş-yavaş su damcılayır. Racə çantasından camını çıxarıb damcının altına tutdu. Cam doldu, racə onu ağzına aparmaq istəyəndə tərlan birdən qanadını çırpıb suyu dağıtdı. Racənin tərlana bərk acığı tutdu. Camı bir də damcının altına tutdu. Bir xeyli keçəndən sonra cam yenə də doldu və racə bu dəfə də onu ağzına aparmaq istəyəndə tərlan vurub suyun hamısını dağıtdı.

Racə hirslənib tərlanı yerə çırpdı və öldürdü. Elə bu anda nökəri qaranəfəs özünü racəyə çatdırdı. O saat keçi tuluğundan piyaləyə su töküb ağasına vermək istədi. Racə dedi ki, qayadan damcılanan sərin və təmiz sudan içmək istəyir.

– Çıx qayanın başına, bulaqdan camı su ilə doldurub gətir mənim üçün! – deyə nökərinə tapşırdı. Mən camın damcı-damcı dolmağını gözləmək istəmirəm!

Nökər qayanın başına çıxıb bulağı tapdı – ancaq orda nə görsə yaxşıdır? Qayanın qırağında bir ölü ilan var idi. Onun zəhərli tüpürcəyi bulağın suyuna qarışıb aşağı damcılanırdı.

Nökər aşağı düşüb əhvalatı racəyə danışdı, sonra da keçi tuluğundan cama su doldurub ağasına verdi. Daha racənin susuzluğu keçmişdi. O ağladı və ölü tərlana baxaraq öz tələskənliyini lənətləndirdi.

Nahaq yerə deyilmir ki: ağıllı adam, düşünməmiş heç nə eləmir.