Vəfati-şair (1911)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


Bu günlərdə "Məlumat" ruznaməsinin axırıncı nömrələri yetişdi. Bəradərim Səhhətin verdiyi "Qara xəbəri" oxudum. Bir neçə dəqiqə gözlərimə qaranlıq çökdü, bilaixtiyar qəzetə əlimdən yerə düşdü. Bu xəbər milli şairimiz Mirzə Ələkbər Tahirzadə Sabirin vəfatı xəbəri idi. "İnnalillahi və innaileyhi raciun". Bəli, ölüm allah əmridir. Hər yaranan öləcәkdir. Hər kəs ki, bu dünyaya qədəm qoyubdur, gərəkdir getsin! Bizim əziz və istəkli şairimiz Sabir dəxi çox zəhmətdən, cismani və ruhani əziyyətlərdən və küdurətlərdən sonra gözəl canını can yaradana təslim elədi. Mərhum ölüb getdi. Amma çox həsrət ilə getdi və özü ilə bahəm axirət evinə böyük arzularını və gözəl fikirlərini apardı.

Sabir getdi, — bizi dəxi sinəsi dağlı və ürəyi qəmli, həsrətdə qoydu. Mərhumdan bizim böyük təmənnalarımız var idi. Onun lisanından təzə sözlər, təzə fikirlər eşitmək istəyirdik. Vəli, çox əfsus ki, əcəldən macal olmadı və Sabir həsrət ilə gedib, bizi də həsrətdə qoydu.

Mərhumun tərcümeyi-halı və asarı haqqında gələcəkdə əhəmiyyətli məlumat yazmağı möhtərəm oxucularımıza vədə veririk. Onun məndə bir çox nəzmən və nəsrən yazılmış məktubatı var ki, cümləsi mənim məhəlli-iqamətim olan Qori şəhərində qalıbdır. Allahdan Borjom seyfiyyəsinin basəfa bir küncündən Sabirin ruhi-pakinə salamımı yetirib, əhl-əyalına və xiş-əqrəbasına sərsəlaməti verirəm.