Vərəmli qız
Müəllif: Hüseyn Cavid


Sarı gül! Ey şikəstə, solğun nur!
Niçin aludeyi-xəyal oldun?!
Çeşmi-nazində başqa rəmz oqunur,
Söylə, bir söylə, sən niçin soldun?!

Düşünüb durma böylə incə, dərin;
İncəlik, ya dərinlik afətdir.
Nerdə əvvəlki tatlı cilvələrin?
Bu nə halət, nasıl qiyafətdir!?

Bən dilərdim ki, cümlə züvvarın
Sana həmşireyi-səfa deyələr!
Niçin ağlar nigahi-bimarın,
Səni qoynunda bəsləmişmi kədər?!

Ah... bilməm nə sehr var səndə,
Könül ancaq səninlə nəşə bulur.
Sən mələksin, təvərrüm etsən də,
Yenə ruhum sənin əsirin olur.