Vətən uğrunda canından keçən ölməz!

Vətən uğrunda canından keçən ölməz!
Müəllif: İsmayıl Cəfərpur
Mənbə: [1]


Ömrün günü bir güldü ki, axır solacaqdır,
Ancaq əməlin bəhrəsi daim qalacaqdır.
Ayrılma elindən, könül, ayrılma bir an da,
Elsiz yaşanmaz bil ki, şərafətli cahanda.
Hər kim ki, ürəkdən vətəni sevdi əzəldən,
Bir nəğməyə çevrildi adı, düşmədi dildən.
Məsləksiz olan kimsə vətənçün də düşünməz.
Şur olmazsa, bülbül o çəmənçün də düşünməz.
Sən söyləmə sərdarı ölüm gücdü, apardı.
Qüdrətli igid qollarını güclə qopardı.
Yox, indi vətən torpağının gül-çiçəyindən,
Hər lalənin həsrət dolu yanmış ürəyindən.
Qeyrətli mücahid qanının ətri saçır bax,
Qoynunda əziz saxlayır öz oğlunu torpaq.
Ölməz! Vətən uğrunda canından keçən ölməz!
Azadlıq üçün bil ki, qanından keçən ölməz!
Çarpış el üçün, qoy sənə qansız deməsinlər,
Atma vətəni, qoy sənə cansız deməsinlər.
Sərdar döşünü xalqı üçün eylədi səngər,
Odlar elinə arxalanıb oldu müzəffər.
Karvan kimi aylar dolanıb, getsə də illər,
Könlündə yaşatdı yenə də Sərdarı ellər.
Ölməz! Vətən uğrunda canından keçən olməz!
Azadlıq üçün bil ki, qanından keçən ölməz!

  1. Vüqar Əhməd. "Vətən uğrunda canından keçən ölməz!" (az.). xalqcebhesi.az. 30.01.2015. 01.10.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.03.2022.