Vətəndaşların daimi yaşayış yerlərini məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında

Vətəndaşların daimi yaşayış yerlərini məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında (1988)
Müəllif: SSRİ Nazirlər Soveti
Tərcümə edən: Ələddin Allahverdiyev
Mənbə: Araz Yaquboğlu. Daşkənddən Yeni Daşkəndə. Bakı, Elm və təhsil, 2023. səh.56-57
Sov. İKP MK və SSRİ Nazirlər Soveti

6 dekabr 1988-ci il

Qərar


“Vətəndaşların daimi yaşayış yerlərini məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında”

Sov.İKP MK və SSRİ Nazirlər Soveti xüsusi narahatlıqla qeyd edirlər ki, Azərbaycan SSR və Ermənistan SSR-də yerli partiyaların, sovet və təsərrüfat orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin razılığı və çox vaxt bilavasitə iştirakı ilə dözülməz vəziyyət yaranmışdır ki, ekstremist təfəkkürlü qruplar tərəfindən vətəndaşların milli mənsubiyyətə görə daimi yaşayış yerlərindən kütləvi surətdə çıxarılmasına və getməsinə səbəb olan hərəkətlər törədirlər. Nəticədə hər iki respublikadan on minlərlə insan evsiz, işsiz, dolanışıqsız qalıblar. Beləliklə, sovet xalqının konstitusiya hüquqları pozulur, onlara mənəvi və maddi ziyan vurulur. Bütün bunlar respublikaların ağır vəziyyətini daha da gərginləşdirir. Yerli hüquq-mühafizə orqanları bir çox hallarda asayişin bərpası üçün lazımi tədbirlər görmür, ekstremist ünsürlərin hərəkətlərinin qarşısını almır.
Vətəndaşların mənafeyini qorumaq, yerli partiya, sovet və təsərrüfat orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə Sov.İKP MK və SSRİ Nazirlər Soveti qərara alırlar:
1. Azərbaycan SSR və Ermənistan SSR-in yerli partiya, sovet və təsərrüfat orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin insanların milli mənsubiyyətə görə daimi yaşayış yerlərindən köçürülməsinə və ölkədən getməsinə yol verən və onlara göz yuman hərəkətləri SSRİ vətəndaşlarının konstitusiya hüquqlarının kobud şəkildə pozulması kimi pislənsin.
2. Azərbaycan və Ermənistan KP MK-dan, Azərbaycan SSR və Ermənistan SSR Nazirlər Sovetlərindən, bu respublikaların hüquq-mühafizə orqanlarından bu qanunsuz hərəkətlərin qarşısının alınması üçün təcili və qəti tədbirlər görmələri tələb edilsin. Hər bir belə fakta ciddi siyasi qiymət verilsin. Özbaşınalığa və qanunsuzluğa yol verən şəxslərin partiyada, dövlət aparatında və hüquq-mühafizə orqanlarında olması bir araya sığmayan hesab edilsin.
3. Azərbaycan SSR və Ermənistan SSR partiya və sovet orqanları daimi yaşayış yerlərini tərk etmiş əhaliyə kömək və yardım göstərmək üçün lazım olan hər şeyi həyata keçirsinlər. İnsanların öz yaşayış yerlərinə, normal iş fəaliyyətlərinə qayıtması üçün siyasi, təşkilati və praktiki işdən geniş şəkildə istifadə edilsin.
Hökumət Komissiyasına bu kəskin və aktual problemin həllində hər cür köməklik göstərilsin.

Sov.İKP MK-nın katibi: M.Qorbaçov
SSRİ Nazirlər Sovetinin sədri: N.Rıjkov