Vətənimdə
Müəllif: Aşıq Alı
Şeir bəzi mənbələrdə Diyarımda rədifi ilə çap olunub.

Könül tələb edir, ürək atlanır,
Gəşt eylə, dünyanı gəz vətənimdə.
Zəhmət çəkən bu dərdlərə qatlanır,
Coşur ürəyimdə söz, vətənimdə.

Qürbət vətəndəyəm, bilinməz yurdum,
Həkimlər, loğmanlar bilmirlər dərdim.
Alagöl yaylağı, vəfalı yurdum,
Alırdım əlimə saz vətənimdə.

Alıyam, söz deyib, yaza bilmərəm,
Şad olub, qürbətdə gəzə bilmərəm,
Hərcayı sözlərə dözə bilmərəm,
Alışsam, yanmaram öz vətənimdə.