V deyişmə (Qeysər - Novrəs İman)

V deyişmə
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 193-194

Qeysər
Əvvəl vacibatdan kim gəldi cana?
Məhəmmədi əmin oldu aşikar?
Kim gətdi xudanın hökmün əyana?
Kim aldı, o işdən oldu xəbərdar?

İman
İbtida göndərdi həyyi-layənam,
Vacibdir şəhadət cümlə cahanı.
Xatəmən mürsəlin rəsuli-əkrəm
Bildi hökmləri, etdi bəyanı.

Qeysər
Nəyinən işlədi hökmi-layəzal?
Nə üstə olundu cümlə qilü-qal?
Bizə lazım olan əmri dalbadal
Neçə şeylər onu eylər istivar?

İman
Hökmün aşikara gətdi Zülfüqar,
Din üstə kafəri qıldı tar-mar.
Vacibdir süludin, firudin-bunlar,
Möhkəm eylər oruc, namaz insanı.

Qeysər
Ər gördüm, sərində nizamı beşdi,
Beş içində gəzir, məqamı beşdi,
Gah gördüm o şahın qulamı beşdi,
Qeysəri kim bilsə, çəkməz ahü zar.

İman
Sovmdur sərində rövnəqi-islam,
Pənci-Ali-Əba, on iki imam.
İluli-əzmdir əhmədə qulam,
Ağası öyrədib Novrəs İmanı.