Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?
Vaiz, qələm əhlin niyə təhqir eləyirsən? Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?1
Ey əbri-siyəh, nuri nə təstir eləyirsən!
El cümlə dönüb olsa da kafir işin olmaz,
Təzvirini kim ki, duya təkfir2 eləyirsən!
Lə’n eyləyərək qasibə məxluqu soyursan,
Fani deyərək aləmi tə’mir eləyirsən!
Gördüm yuxuda baği-behişt içrə gəzirsən,
İnsaf!.. Bunu sən necə tə’bir eləyirsən?
Tərk eylə riyani ki, riya şirki-xəfidir3,
İşbu sözü kəndin belə təqrir eləyirsən!
Mən məkrini hiss etməyə meyil etmədim əsla,
Kəndin dili-həssasimə tə’sir eləyirsən!
Bizdən gözünü yığ ki, sənə aldanan olmaz,
Get onları xam tovla ki, təzvir eləyirsən!