Vaqif və Vidadi və bunların dostluğu

Vaqif və Vidadi və bunların dostluğu (1907)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


Milli şüarımızdan məşhur Molla Vəli Vidadi təxəllüsün vəfatından bu il tamam yüz il, yəni bir əsr gəlib keçir. O cəhətə onun adını hörmətli jurnallarımızda — "Dəbistan" və "Rəhbər"də zikr edib, oxuculara Vidadinin barəsində bir para məlumat verməyi lazım gördük.

Molla Vəli Vidadi və Molla Pənah Vaqif hər ikisi bir əsrin və bir elin adamlarıdır. Qazax mahalında bunlar öz əsrlərinin əhli-kəmalı və sahibi-elm və mərifəti olub, müasirləri arasında özlərinə şan və hörmət qazanmışdılar və hər ikisinin gözəl, rəvan və səlim təbləri var idi. Belə ki, Qazax şairlərindən məşhur Kazımağa Salik təxəllüs bunların haqqında deyibdir:

Qazax içrə olub şairlər, amma
Əsamı onların biintihadır.

Biri Vaqif ki, məşhuri-xəlayiq,
Gözəl mədhində məlumi-şumadır.

Biri Xəstə Vidadi təbi mövzun
Ki, bəhri-nəzmi-şeri cabəcadır.

İlahi, ol iki məğmum pirin
Günahı dərdinə səndən dəvadır.

Vaqif ilə Vidadinin arasında artıq dostluq və məhəbbət və bəzi rəvayətə görə bir növ rəqabət dəxi varmış. Cavanlıq əyyamını bunlar bir yerdə keçirib eyş və səfa sürərlərmiş. Amma sonralardan tarixi-hicriyyənin 1172 sənəsində ki, tarixi-məsihiyyənin 1766-cı ilinə mütabiqdir, Gürcüstan padşahı İrakli şahın vaxtında ki, o vaxt Qazax və Şəmsəddinli dəxi Gürcüstana tabe imiş, Qazax mahalının vəkili Pənah Ağanın zamanında bir para şuriş və inqilabın vüquinə görə Qazax mahalından bir neçə elat keçib Qarabağ vilayətinə, İbrahim xanın təhti-himayətinə gediblər. Belə ki, Molla Pənah dəxi öz elindən hicrət eyləyən firqə ilə ki, ibarət ola Salahlıdan və özgə bir qövlə görə Ağstafanın yaxınlığında olan Həsənsudan Qarabağa səfər edib və Cavanşir mahalında Tərtərbasarda bir müddət sakin olub. Orada məaşi təng keçdiyinə görə köçüb İbrahim xanın paytaxtı olan Şuşa qalasına və miruri-əyyam ilə xani-mərhumun ən müqərriblərindən birisi olubdur. Amma Molla Vəli öz vətənində qalıb, dusti-həqiqisinin müfariqətində qəm və qüssə edərmiş. Bəzi rəvayətə görə, Molla Vəli dəxi öz əql və kamalı sayəsində nam və şöhrət qazanıb, o da İrakli xana Qazax mahalına dair ümuratın səlahını göstərmək üçün müdəbbir və məsləhətçi olubdur. Amma bu əhvalat təvarixdə nəzərimizə çatmadı və Gürcüstan təvarixinə bələd olan əhli-xibrədən bu barədə məlumat istəyib Molla Vəli Vidadidən bir söz-səda eşitmədik.

Molla Vəli vaxtbavaxt dostu Vaqifə gözəl məktublar yazıb ondan əhval-pürsan olarmış və öz vilayətlərində vüquə gələn qəribə və şayani-diqqət əhvalatı riştəyi-nəzmə çəkib ona göndərərmiş. Vaqif dəxi Qarabağın əhval və övzaindən və başına gələn qəzavü qədərdən nəzm qılıb ona yollayırmış. Məsələn, Ağa Məhəmməd şahın Şuşa qələsində qətlə yetişməyi barəsində bu şerləri inşa edib, Molla Vəliyə göndərmişdi:

Ey Vidadi, gərdişi-dövrani-kəc rəftarə bax!
Ruzgarə qıl tamaşa, karə bax, kirdarə bax!
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,
Hökmi-adil padşahi-qadirü qəhharə bax!
Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çirağ,
Gecəki iqbalı gör, gündüzdəki idbarə bax!
Taci-zərdən ta ki, ayrıldı dimaği-pürqürur,
Paymal oldu təpiklərdə səri-sərdarə bax!
Qeyrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda,
Ta həyatın var ikən nə şahə, nə xunxarə bax!
Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,
Nə qıza, nə oğula, nə aşina, nə yarə bax!

Bir çirağ ki, tamam İrana qiblə idi və cümlə xəlayiq onun itaətində böyük xof ilə kəmərbəstə durmuşdular hənuz sübh olmamış qəflətən söndü. Hamının qəlbindən xof-xətər getdi və hamı onun qətlindən sonra asudə və arxayın nəfəs aldılar. Məlum ola ki, haman gecə bu kəlamın sahibi dəxi Şuşa qələsində zindanda məhbus və həlakına müntəzir durmuşdu.

Sübh açılanda şahi-zalim və birəhmin hökmünə görə gərək adamlar kəlləsindən minarə qurulaydı. Vaqifin başı haman dəhşətəngiz minarənin qülləsini müzəyyən edə idi. Çünki şair ilə səffak şahın qədimi kin və ədavəti var idi. Ağa Məhəmməd şahın bu niyyətinə şair özü kəlamında işarə eləyib deyir:

Mən fəqirə əmr qılmışdı siyasət etməyə,
Qurtaran məzlumu zalımdan o dəm qəffarə bax!

Və lakin adilü qadirü qəhhar həqq-taala əhli-zülmü bir ləhzədə bərbad elədi və taci-zərdən dimaği-pür-qüruru ayırıb təpiklər altına saldı.

Heyfa ki, Vidadi əleyhürrəhmənin Vaqifə göndərdiyi məktublarının əksəri itib gedibdir və nə qədər biz səy və cüstcu etdiksə ki, onlardan bir parasını ələ gətirək, müyəssər olmadı. Tәәccüb budur ki, mərhum Molla Vəli Vidadinin övladı ki, əlan hal həyatdadırlar və onlardan bəzisi elm və kamal sahibi hesab olunurlar, öz babalarının asar və əşarından və tərcümeyi-halından bixəbərdirlər və onun adını diri etməyə əsla hümmət və qeyrət göstərməyirlər. Vidadinin kağızları ziyadə əhəmiyyətli və xoş məzmun olmağına Vaqifin qəzəlləri şəhadət verir. Məsələn, bir qəzəlində Molla Vəlidən ona vüsul olan kağızın barəsində belə yazır:

QƏZƏL

Vidadidən gələn kağız məni fərxəndəhal etdi.
Bu halı gördü qəm, filhal məndən intiqal etdi.
Uçub könlüm quşu pərvaz qılsa övci-əlayə,
Əcəb yox kim, bu məktubu özünə pərü bal etdi.
Ziyayi-şəms tək etdi, məni bədr eylədi, hala
Əgərçi qəddimi dövrani-filmazi hilal etdi.
Səvadi-namənin, ey dil, məgər zülmati-heyvandır
Ki, ruhum Xızr tək ondan bəsa kəsbi-kamal etdi.
Xəyal etmişdi Vaqif kim, rəvan bir xoş qəzəl yazsın,
Rəvan olmuşdu qasid kim, bunu ancaq xəyal etdi.

Bu qəzəldən məlum olur ki, Vaqif onu ömrünün musinn çağında yazıbdır ki, o candan əziz olan dostunun fərağında xeyli cəfalar çəkib və dövrani-filmazi onun qəddini hilal edibdir. Vidadidən gələn kağız şairin könül quşuna pər və bal olub, onu uca məqamlarda seyr və gərdiş etməyə qalxızır. Və əgərçi zəmanənin şuriş, iğtişaş və inqilabı şairin qəddini əyib iki qat edib, hilalə döndəribdir və lakin dusti-əzizin məktubu ziyayi-şəms tək onu misali-bədri-münəvvər qılır və səvadi-namə zülmati-heyvan kimi onun ruhuna səfa və əbədi həyat və kamal bəxş eləyir…. Afərin bu dostluğa və mərhəba belə sədaqətə! Bu qəzəl Şeyx Sədinin dostluq barəsində yazdığı kəlama bərabərdir. Təfavüt ancaq burasındadır ki, Şeyx Sədi həqiqi dostluq nədən ibarət olmasını və onun vəzifə və təkliflərini bəyan edib, ümum nasə xitabən öz kəlamını inşa qılıbdır. Amma Vaqif ancaq öz dostundan yetişən kağızdan xoşhal və dilşad olub, qədr və mənzələtini göstəribdir. Sədi əleyhürrəhmə dostluq barəsində buyurubdur və həqiqətdə çəməni-mənayə dürr və cavahirat səpibdir.

Yaran bövəd ke, səbr konəd bər cəfayi-yar,
Tərki-rizayi-xiş konəd bər rizayi-yar.
Gər bər vücudi-aşiqi-sadeq nəhənd tiğ
Binəd xətaye-xiş, nə binəd cəfayi-yar.
Yar ər bərayi-nəfs giriftən təriq nist,
Ma nəfse-xiştən bekoşim əz bərayi-yar.
Mən rəh nəmibərəm məgər onca ke kuyi-dust,
Mən sər nəminəhəm məgər onca ke payi-yar[1].

[1] Tərcüməsi:
Yar odur ki, yarın cəfasına dözsün;
Yarın məmnuniyyəti xatirinə öz məmnunluğundan əl çəksin.
Əgər həqiqi aşiqin vücuduna qılınc çalsalar
O öz xətasını görüb, yara cəfanı xəta görməz.
Yar ancaq zövq almaq üçün deyil.
Biz öz nəfsimizi yardan ötrü öldürdük.
Mən dostun astanasından başqa bir yol tanımıram,
Mən yarın ayağının qoyduğu yerdən başqa yerə başımı qoya bilmərəm.

Dusti-həqiqi və yari-cani həqiqətdə o dostdur ki, öz xeyir və rizasını və səlahi-ümurunu dostun yolunda onun xatirəsi və rizası üçün tərk edib ondan canını və malını əsirgəməyə və dostun adı çəkilən yerdə maldan və candan keçə. Heyfa ki, bizim bu vəsvəsəyi-şeytan və dəğdəğəyi insan ilə malamal olan zamanımızda belə dostların vücudu kimyaya dönübdür. Zənnimcə, həqiqi dost çox az tapılar ki, onun sədaqət və dəyanətinə etibar edib, dar günündə ona ümid bağlayasan və şikəstə xatirini onun yadilə şad və xürrəm edəsən. Nakəslər və naəhllər ilə dəxi dostluq etmək rəva deyil. Belə dostluq həqiqi olmayıb, riyayi və saxta olmasına şübhə yoxdur və belə saxta və yalançı dostluqdan uzaq olmaq eyni-səlahdır. Çünki onun axırı yoxdur, onda məhəbbət paydar olmaz, necə ki, Vidadi deyibdir:

Könül səbrü qərar etməz,
Gedər yar olmayan yerdə.
Məhəbbət paydar olmaz,
Vəfadar olmayan yerdə.

Vəfa qıl bir vəfadarə,
Ulaşma hər biiqrarə,
Mətain atma bazarə,
Xridar olmayan yerdə.

Yəni hər naəhl və nakəsə bel bağlama, sözünə bavər və əhdinə etibar etmə, dar gündə, zərurət məqamında baxırsan ki, səndən üz çevirir və ehtiyacı olmadıqda səni tanımaz. Ona görə mərd ətəyindən yapış, necə ki, Vidadi vəsiyyət edir:

Söhbəti-nakəsü namərd həmin söhbət imiş,
Tut ki, bir mərd ətəyin dövləti-xaqanə dəyər.

Yəni nakəs və namərdlərin söhbəti laf-kəzafdır və məhəbbətdən, sədaqətdən danışdıqları kəlam — boş və quru sözlərdir. Hərgiz onlara inanma.