Var-dövlət və zəhmət

Var-dövlət və zəhmət
Müəllif: Şifahi xalq ədəbiyyatı


Günlərin bir günündə mülkədarla muzdur arasında bərk mübahisə düşdü. Muzdur mülkədara deyirdi: üçün

– Nə olsun ki, mən yoxsulam! Ancaq əvəzində mən yaxşı işləməyi bacarıram.

– Vay səni it oğlu! – deyə mülkədar qışqırdı. – Sənin o bacarığın nəyə lazımdır ki, o bacarıqla da, elə onsuz da dilənçisən ki, dilənçi!

– Mənim əlimdən əkmək, biçmək, üyütmək, su daşımaq, odun doğramaq gəlir. Sənin əlindən nə gəlir? – deyə muzdur öz ağasından soruşdu.

– Onlar mənim nəyimə lazımdır? – deyə mülkədar təkəbbürlə cavab verdi. – Mən onsuz da xoşbəxt və varlıyam. Nə çörək dərdi çəkirəm, nə də paltar dərdi! Həm də ki, mən sənin üçün işləmirəm, sən mənim üçün işləyirsən!

Onlar çox mübahisə etdilər ki, nə vacibdir: zəhmət, yoxsa dövlət? Ancaq heç biri o birinin dediyinə inana bilmədi. Axırda onlar belə qərara gəldilər ki, hansının güclü, dözümlü olduğunu öyrənsinlər.

Həmin ilin qışı bərk soyuq keçmişdi. Ona görə də muzdur təklif etdi ki, kimin şaxtaya daha çox dözümlü olduğunu yoxlamaq üçün gecəni gedib dağda keçirsinlər.

Mülkədar gülüb dedi:

– Razıyam, razıyam, razıyam! Ancaq bir şərtlə: əgər sən orada ölsən, mən səni basdırmaq üçün pul verməyəcəyəm.

Muzdur dedi:

– Əgər sən orada donsan, taqsırkar mən deyiləm.

– Çox yaxşı! – deyə mülkədar səsləndi.

Axşam oldu. Axşam yeməklərini yedikdən sonra muzdurla mülkədar yol şeylərini yığıb getdilər.

Mülkədar qalın pambıq şalvar, yun corab geyib dəri jiletini, xəz küləcəsini, kürkünü çiyninə atdı, torbasına da buğda unundan bişirilmiş yağlı fəsəlilər qoydu.

Bəs muzdur? Ömründə isti şeylər geyməmişdi. O, ayağına yamaqlı nazik şalvar, əyninə cırıq pencək geydi. Baltasını, bir qutu kibrit və bir neçə dənə də çiy kartof götürüb getdi. Yol uzunu mülkədar gülürdü. Bəs nə! Qalib çıxacağına o şübhə etmirdi. Muzdur isə dinməzcə gedərək, allah bilir ürəyindən nələr keçirirdi.

Gəlib dağa çatdılar. Mülkədar o saat əyləşdi, torbasından yağlı fəsəli çıxarıb yeməyə başladı. Muzdur isə baltasını qapıb, meşəyə çırpı yığmağa getdi.

Gecə düşdü. Ancaq gecə də nə gecəydi! Külək adamın iliklərinədək işləyirdi. Şaxta get-gedə daha da şiddətlənirdi. Saatbasaat hava daha da soyuq olurdu. Külək və şaxta mülkədarın xəz paltarlarının içinə dolub ona polad iynə kimi batırdı. O, hiss elədi ki, donur. Əlini torbanın içinə soxdu, – bir dənə də orada fəsəli yoxdu. Mülkədar heç bilmədi ki, nə vaxt yeyib qurtarıb. O, muzdurun nə elədiyini bilmək istədi. Güc-bəla ilə başını muzdurun getdiyi tərəfə döndərdi, gördü ki, o öz baltasını qaldırıb endirir. O, odun doğramışdı və qətiyyən donmamışdı. Muzdur hələ bir üstəlik tonqal da qalayıb yandırdı. Tonqalın başında ona nə istiydi! Həm də qarnı da tox idi. O, qorun içində basdırdığı bişmiş kartofları çıxarıb güldü. Mülkədarın isə lap ağzının suyu axdı: yemək də istəyirdi, tonqalın yanına getmək də istəyirdi. Durub getmək istədi, ancaq özünə sığışdıra bilmədi. Gör ha, o mülkədar ola-ola muzdura mərci uduzdu! Şaxta isə getdikcə şiddətlənirdi.

Axırda mülkədar soyuğa dözə bilməyib, yazıq-yazıq muzdura yalvarmağa başladı:

– Əz...i...zi...m! Do-st-um! Mə-ən qı-zınmaq is-tə-yirəm, ye-mə...k də...

Muzdur qışqırdı:

– Necə olub ki, sən soyuqdan və acından qorxmusan? Bəs biz onda necə bilərik ki, zəhmət üstündür ya dövlət?

Mülkədarın yenidən qarın üstündə oturmaqdan başqa çarəsi qalmadı. Həmin söz ona toxundu, həm də ona soyuq idi! Ancaq mülkədar demə axmaq və tərs imiş. Onsuz da aydın idi ki, o mərci uduzub, ancaq heç cür boynuna götürmək istəmirdi. O belə də qalıb, soyuqdan qurudu və səhərə kimi şaxtadan tamam dondu.

Muzdur isə bütün gecəni tonqalın qırağında keçirib, dadlı iyi gələn külləmə kartofları yavaş-yavaş özü üçün yeyirdi.