Var (Ağdabanlı şair Qurban)

Var
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.59-60

 
Qəmli könül şad olarmı?
Əlbət dərdi-məlalı var.
Yıxıbsan, abad olarmı?
Canım xəstə, nə halı var.
 
Kəklik, kətanın Gülgəzin,
Bənövşə, qönçə nərgizin.
Səndə bir bax, hansımızın,
Yaxşı boyu, sığalı var?
 
Ya çoxumdu, ya azımdı,
Sizə bu can niyazımdı.
Demək mənə nə lazımdı:
Arif bilər - kamalı var.
 
Duran gözəlllər şahının,
Küllü-aləm pənahının.
Şamaxının, Sürahının,
Səndən doğru sualı var.
 
Ariflər söz deməz naşı,
Tanıyar gövhəri-qaşı.
Sağ olsun qohum-qardaşı,
Nə ki, eli-mahalı var.
 
Söylə, baxım haralısan,
Nə möhnətli, yaralısan?
Hansı yola varalısan?
Dur get, bizdən aralı var.
 
Qalan payı bəstənizdə,
Düşən mənəm xəstəniz də,
Sürbənizdə, dəstənizdə,
Qurban ovçu, maralı var.