Var (Ağdabanlı Qurban)

Var
Müəllif: Ağdabanlı Qurban
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

 
Əziz dostum, bir ilqarın ucundan,
Başı-candan, külli vardan keçən var.
Doğru sözün, etibarın ucundan,
Bağçadan, bağlardan, bardan keçən var.

Fələk çəkən sinəmdəki dağlardan,
Xəbərin yox mənim kimi ağlardan,
Qanlı gədiklərdən, qəmli dağlardan,
Daşqın seldən, dəryalardan keçən var.

Uca dağ başında qarı saxlayar,
İgid namus, qeyrət, arı saxlayar,
Tərlan itib, səyyad sarı saxlayar,
Dərdi artıb sədd-hasardan keçən var.

Vurursan sən məni möhnət daşıynan,
Üzümə xətt düşüb didəm yaşıynan,
Alışıb yanan var eşq ataşıynan,
Pərvanətək balü pərdən keçən var.

Bu dərd qalsa qiyamətə sinəmdə,
Sərf eylərəm sata-sata sinəmdə,
Bax həsrətə, bu heyrata sinəmdə,
Qurban, qorxma günahlardan keçən var.