Var (Ey mələk simalım, qəddi minalım)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Var
Müəllif: Növrəs İman
Mənbə: “Ədəbiyyat və incəsənət” qəzeti, №24(1682), 9 iyun 1972. səh.16

Ey mələksimalım, qəddi minalım,
O sərxoş baxışda əlamətin var.
İsgəndər cəlallım, hatəm səxalım,
Eşqindən başımda qiyamətin var.

Dilimin kəlməsi ayeyi-Quran,
Telinə sadağa varımdı bir can.
Qılıbsan aləmi hüsnünə heyran,
Yusifi-Kənana şəbahətin var.

Dahanın çeşmeyi-abi-Səlsəbil,
Verib qudrətindən cabbarü cəlil.
Ədalətdə sənsən, söylərsən dəlil,
Məhşərdə möminə şəfaətin var.

Yüz desəm vəsfini, gəlməz hesaba,
Cəbinin təşbehdi qövseyniqaba.
Qədəmindən öpən batar səvaba,
Yazılmış sinəmdə hekayətin var.

Səni xəlq eyləyib qadiri-sübhan,
Cəmi gözəlliyin nişanbanişan.
Pərtövü camalın şövkəti-rizvan,
İman tək quluna hidayətin var.