Var (Gözün açıb, bu dünyaya gül olan)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Var
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.92

Gözün açıb bu dünyaya gül olan,
Demə ki, nə yaxşı xoş səfası var.
Alçaltma kəndini, doğru gəz, dolan,
Səfası varsa da, çox cəfası var.

Hər yetənlə ülfət qılma, kənar gəz,
Həqiqi dost olan qəlbini əyməz.
Yüz namərd yığılsa bir mərdə dəyməz,
Məhəbbət əhlinin bir vəfası var.

Yaxşı dostu satma dünya malına,
Rəhmin gəlsin füqəralar halına.
Əvvəlcə fikir ver işin dalına,
Dərk elə sirrinin hər xanası var.

Çıxma haqq yolundan, axtar doğru yol,
Hərcayi sözləri eyləmə qəbul.
İstəyənlə ilqarında möhkəm ol,
Hərdəm xəyallığın nə binası var?

Hər namərdə bel bağlama müttəsil,
Göstərər isbatın olarsan xəcil.
Bədəsil kimsəyə üz versən dəlil,
Novrəs İman söylər iltihası var.