Xiafət mülkünün şahənşahəni,
Üç yüz altmış altı didabanı var.
On iki sultanı, qırx səkkiz xanı,
Dörd nəfər xoş xələt pasibanı var.
Bir dəryadan baxır beş-on beş nəhəng,
Həftdi, həşdi, hər birisi bir irəng.
Beş kaman qurulmuş on yeddi xədəng,
Hər birinin qeyri bir məqamı var.
Bir qəsr görmüşəm Behişttək otaq,
Altı min altı yüz altmış altı tağ.
Otuz eyvanı var yüz on dörd çıraq,
Hər birinin qeyri-bir nişanı var.
Bir qəsr görmüşəm çin gözəlbəsər,
Bir qəsrdə gördüm beş qönçeyi-tər.
On iki yasəməndi, on dörd sənubər,
Yüz iyirmi dörd min xiyabanı var.
Könül həris deyil dünya malına,
Yaşılına, tirməsinə, alına.
Qara xan güvənsin öz mahalına,
Xəstə Qasım kimi qəzəlxanı var.