Var (qoşma, Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Var
Müəllif: Aşıq Alı

Baxdı-yığval bu diyara gətirdi,
Taleyin olmasa nə mənası var.
Əcəl gəldi kəsdi sənin üstünü,
Döyünsən, çırpınsan nə mənası var.

Qəssal yuyar, qəddim bükər bir ağa,
Bu günümdə yetiş dada bir ağa,
Mən qulunam, nökərinnəm bil, ağa,
Nökərin ağadan təmənnası var.

Alıyam çağırram sirri xudam,
Bu dünya fanidi, köçəcək hamı,
Tamam müəmmadı haqqın "Qur'an"ı,
Oxuyub bilənə çox mənası var.