Var mənim
Var mənim Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
İsfahan mülkündən gələn xocalar,
Bu canımda intizarım var mənim.
Biri hicran, biri möhnət, biri qəm,
Qəm evliyəm, xiridarım var mənim.
Ala gözün xumarlayıb süzməsin,
Ay qabağa qızıl, inci düzməsin,
Deyin yara, əl duadan üzməsin,
Ürəyimdə ahu-zarım var mənim.
Mən Abbasam, gəlsin könlüm aradan,
Oxudum dərsimi, çıxdım qaradan,
Sən bilirsən, yeri-göyü yaradan,
Gülgəz Pəri kimi yarım var mənim.