Vaxtı (Ağdabanlı Qurban)
Vaxtı Müəllif: Ağdabanlı Qurban |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Bir canda ki, ola sümük azarı,
Oynar, durmaz dəf olan vaxtı.
Yaxşı-yaman bilməz, danışar hədyan,
Əqli sərsər olar, kef olan vaxtı.
Bağban bar bəsləsə barı çox istər,
Xəstə meyli qarı, narı çox istər,
Acgöz doymaz, dövlət-varı çox istər,
Şadlanar dövlətə, nəf olan vaxtı.
Qurban, insan varmı dərdsiz, vərəmsiz,
Mətləb yazmaq olmaz kağız, qələmsiz,
Qul xətasız olmaz, ağa kərəmsiz,
Bağışlar əlbəttə səhv olan vaxtı.