Vay o gündən kim, nəzərdən mahruxsarım gedə
Vay o gündən kim, nəzərdən mahruxsarım gedə Müəllif: Molla Zeynalabdin Sağəri |
Vay o gündən kim, nəzərdən mahruxsarım gedə,
Vəsl evin viran edib qəhr ilə dildarım gedə.
Beylə kim yoxdur qərarım bir zaman dildarsız,
Qət olur, biliah, həyatım tərk edib yarım gedə.
Cıxsa canım cismidən müşkül deyil hərgiz mən,
Bir qiyamətdir mənə gər zülfı-zünnarım gedə.
Ey konul, kam al vusalından, məqami-vəsldir,
Qorxuram dovri-fələkdən yari-qəmxarım gedə.
Dur, qənimətdir, dolan başına, ey dil, dilbərin,
Xofum ondandır, könül, bu sərvi-rəftarım gedə.
Ey gozum, eylə nəzər ruxsari-yarə, qorxuram
Kim, məni tənha qoyub ol ceşmi-xummarım gedə.
Sağari oldu kabab hicran evində atəşə,
Tərsim ondandır konuldən naleyi-zarım gedə.