Verir (Şəmkirli Aşıq Hüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Verir
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.

Bir gün bir heyvanat gördüm, zənbur kimi şan verir,
Xörəyi yük ilə gəlir, nəfəsi duman verir.
Dindirirsən danışmağa, nalə verir asmana,
Nə yerdədi, nə göydədi, sədri üstə yan verir.

Bir başı var, bir ayağı, gör neçə damağı var,
İki qolu, bir boğazı, tək bircə dodağı var.
Əyləşibdi bir məqamda, neçə min oylağı var,
Qoy eşitsin, hamı bilsin, hər gələnə nan verir.

Gəl biçarə Aşıq Hüseyn, qıl sözünü müxtəsər,
Abi onun bol olanda olur dəli, dəngəsər,
Eşidənlər, fikir verin bu sözümə sərbəsər,
Əgər ki, ağam olmasa, sidqinə güman verir.