Vermərəm səni (Aşıq Alı)

Vermərəm səni
Müəllif: Aşıq Alı


Başına döndüyüm, a nazlı dilbər,
Cismidə min cana vermərəm səni.
Aləmin malını cəm eyləsələr,
Çəksələr bir yana vermərəm səni.

Boyun sürahıdi, əndamın şüşə,
Sorağın mahaldan-mahala düşə,
Fərhada, Şirinə yüz möhlət keçə,
Behişti-qılmana vermərəm səni.

Dağlarda maralsan, düzlərdə ceyran,
Dərələz, Naxçıvan boyuna heyran.
Nə Gəncə, Qarabağ, Şamaxı-Şirvan,
Küllü-Gürcüstana vermərəm səni.

İqbalda Sənanı, Xumarı seçək,
Peymanda Kərəmi, Əslini seçək.
İmana, ilqara bahəm and içək,
Taxtı-Süleymana vermərəm səni.

Alı qurban o qamətə, o boya,
Baxdıqca çöhrəndən çətin ki, doya.
Tehrana, Təbrizə, Mərəndə, Xoya,
Tamam ol İrana vermərəm səni.