Xıdır Nəbi bayramı

Rəvayətlər. Xıdır Nəbi bayramı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Xıdır Nəbi bayramında buğdanı yağın içində qovurarlar. Sonra onu kirkirədə üyüdüb “qovud” adlanan narın hissəsini və “yarmalıq” adlanan digər iri hissəsini ayrı-ayrılıqda qablara tökərlər. Bayram ediləcək vaxtdan bir gün əvvəl evin kiçik evladını (oğlan uşağı) alma çubuğu dalınca göndərirlər. Gətirilən şövlər uc tərəfdən səliqə ilə pambığa sarınıb yağda qızardılar. Axşam evin böyüyü (ana) bir-bir şövləri götürüb niyyətlərini sadalayar. Hər şöv bir niyyət üçündü. Yurdun salamatlığı, mal-qaranın məhsuldarlığı, bağbağçada bolluq, oğul-qız toyu və s. niyyətlər edilər. Sonra həmin şövlər dəstələnib orta hissədən pambıqla bağlanar və qabdakı unun üstünə sancılar. Burada Xıdır Nəbinin onların üstündə göz olması üçün də ayrıca çubuq qoyular.

Gecə düşəndə həmin dəstələnmiş çubuqlar şam kimi yandırılar. Özü yanıb keçənədək ona toxunulmaz. Həm də səhərə qədər qablardakı una əl vurulmaz. Çünki əvvəlcə Xıdır Nəbi gəlib öz payını götürməlidi.

Mənbə

redaktə