Xırdaca qız (Aşıq Əsəd)
Xırdaca qız Müəllif: Aşıq Əsəd |
Aşıq Ələsgərə nəzirə Mənbə: Sazlı-sözlü Göyçə (II kitab). Bakı, “Elm və təhsil”, 2018. |
Naz ilə gəldin otağa
Leylinişan Xırdaca qız!
Tovuz kimi cilvələnib,
Artırır şan Xırdaca qız.
Biri huri, biri pəri,
Biri də sən, Xırdaca qız!
Gözləri cəllada dönüb,
Qəmzəsi qan Xırdaca qız.
Məclisə o əmr eləyib,
Aşiqini saz eləsin;
Davud kimi nəfəs çəkib,
Bir də xoş avaz eləsin:
Bülbül kimi cəh-cəh vurub,
Zimistanı yaz eləsin;
İşvə, qəmzə canım alır,
Daha bizə az eləsin;
Mən ki sənin aşiqinəm,
Eylə güman, Xırdaca qız!
Gəzmişəm hər ölkəni,
Belə canan görməmişəm;
Boylananda durna sayaq,
Qaşı kaman görməmişəm;
El-obada, ay hazarat,
Allah, aman görməmişəm;
Mənim kimi eşq əlindən
Oda yanan görməmişəm;
Yaraların məlhəmisən,
Öldür, aman, Xırdaca qız!
Cahıl, ahıl, qarasaqqal
Görüb, sənə mail olub.
Didarından ayrı düşən
Ağlı gedib, zayıl olub.
Sən Leylisən, mən bir Məcnun,
Çölə düşüb, zayıl olub;
Hər nə fərmayiş buyursan,
Hamı ona qail olub;
Əmrinə baş əyiblər,
Buyur fərman, Xırdaca qız!
Gəzmişəm mən, görməmişəm
Sənintək qaşı qəməri;
Belin nazik, gərdən nazik,
Bağlayıb qızıl kəməri;
Tər-təzə ağ qoftanın
Üstündən geyib məxməri.
Əsəd sənə qurban deyib
Bu əziz can ilə səri.
Bir gün ola, güzar düşə,
Ola mehman, Xırdaca qız.