Xəbər al, deyim
Xəbər al, deyim Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Qoç igidlər, ərəb atlar meydandı,
Müxənnət sərindən tökülən qandı.
Birinci imamımız Şahi-Mərdandı,
İkinci imamı xəbər al, deyim.
Atını minəndə yel kimi əsən,
Üç günlük yolları bir günə kəsən.
İkinci imamımız İmami Həsən,
Üçüncü imamı xəbər al, deyim.
Kərbəla dəştindən gəlmişdir meyin,
Yezidlər boynuna götürdü deyin.
Üçüncü imamımız İmami Hüseyn,
Dördüncü imamı xəbər al, deyim.
Bahar olcaq dağlar geyər abı don,
Din içində din bəsləmiş abı din.
Dördüncü imamımız Zeynalabdin,
Beşinci imamı xəbər al, deyim.
Adları böyükdür, yolları ağır,
Bir dara düşəndə onları çağır.
Beşinci imamımız Məhəmməd Bağır,
Altıncı imamı xəbər al, deyim.
Dünyaya gəlmişdi bir belə sadiq,
Dünya malın yığdıq, yığdıq budadıq.
Altıncı imamımız Cəfəri Sadiq,
Yeddinci imamı xəbər al, deyim.
Quranda oxurlar Əliyyül Əzim,
Dəftər-qələm gətir dərdimi yazım.
Yeddinci imamımız Museyi Kazım,
Səkkizinci imamı xəbər al, deyim.
Tut orucu, meyil eylə namaza,
Qoyma qala qəza, verərlər cəza.
Səkkizinci imamımız imami Rza,
Doqquzuncu imamı xəbər al, deyim.
Səkkizi cənnətdi, səkkizdə bağı,
Dolanıb gəşt eylər onlar bir bağı.
Doqquzuncu imamımız Məhəmməd Tağı,
Onuncu imamı xəbər al, deyim.
Bir neçə hümmətin Əlidir sağı,
Çəkə Zülfüqarı, bölə bu dağı.
Onuncu imamımız Əliyyən Nağı,
On birinci imamı xəbər al, deyim.
Səhər-səhər dan yelləri əs barı,
Münkür olan bəndələri kəs barı.
On birinci imamımız Həsən Əsgəri,
On ikinci imamı xəbər al, deyim.
Məmmədhüseyn deyər, tamamdı-tamam,
Mömünlər könlünə salıbsan güman.
On ikinci imam Sahibəzzaman,
Bu dünyada Quran, axirətdə iman.
Onlardan vacibin xəbər al, deyim.