Xəbər ver - Xəlq olunubdu (Qeysər - Novrəs İman)
Xəbər ver - Xəlq olunubdu Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 192-193 |
Qeysər
Xaliqi-ləmyəzəl əvvəl, ibtida,
Nə yaratdı, bu suala xəbər ver?
Nə oldu vücudu, nə oldu cüda?
Nə gəldi o işdən hala xəbər ver?
İman
Rəhmətilin aləm nuri-hidayət
Xatəmül ənbiya xəlq olunubdu.
Vəsiyyi-Mustafa nurundan cüda,
Tamamən ənbiya xəlq olunubdu.
Qeysər
Haqq nədən yaratdı ərşi-əlanı?
Yer nədən yarandı, bəhri-dolanı?
Lohü kürsü qələm xilqət olanı
O göstərən qilü-qala xəbər ver.
İman
Xudam xəlq eylədi ərşi cövhərdən,
Bizə nişanadı yarısı yerdən.
Lohü kürsü qələm oldu bir-birdən,
Bir-birindən cüda xəlq olunubdu.
Qeysər
Nə üstə dolanır külli-kainat?
Neçədi sovmda səhvi-şəkkiyyat?
Qeysərəm, əlimdən çəkərsən heyhat,
Zikr elədim bu məqalə xəbər ver.
İman
Aləm xidmət edir hərə bir yola,
On beş səhv ilə şəkkiyyat ola.
Novrəstə İmanam, çağırram mövla,
Bir gündə masəva xəlq olunubdu.