Xəbərin varmı (Aşıq Ömər)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Xəbərin varmı
Müəllif: Aşıq Ömər
Mənbə: Seçmə aşıq şeirləri. 3 cilddə. I cild (az). DGTYB (2011). Orijinal mənbədən 2016-04-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

Ala gözlü, nazlı dilbər,
Halından xəbərin varmı?
Səni məndən ayırdılar,
Zülümdən xəbərin varmı?

Bu gün dersən, yarın dersən,
Əğyara yardım edərsən.
Ayrılığa zülüm dersən
Ölümdən xəbərin varmı?

Ala gözlərin süzülmüş
Ləbindən şəkər əzilmiş.
Əbrişim qurşan çözülmüş
Belindən xəbərin varmı?

Ömər edər gülüşmüşlər
Aşiqlərin yanılmışlar.
Bağçanda gülün dərmişlər
Bağından xəbərin varmı?