Xəm qədilə ağılaram ol türreyi-tərrarsız
Xəm qədilə ağılaram ol türreyi-tərrarsız Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.140. |
Xəm qədilə ağılaram ol türreyi-tərrarsız,
Gərçi derlər çəngdən çıxmaz tərənnüm tarsız.
Sineyi-çakimdən əksik etmə tiri-qəmzəni,
Ey güli-rə’na, bilirsən kim, gül olmaz xarsız.
Saxlamazdım navəkin gözdə, bəlasın çəkməsəm,
Su verib ol nəxli bəslərdimmi olsa barsız?
Yol azarsan zülməti-heyrətdə, ey dil, vaqif ol,
Zinhar, ol kuyə varma ahi-atəşbarsız.
Giryəyi-zar ilə xoşhaləm ki, bəhri-eşqdə,
Əşksiz göz bir sədəfdir, lö’löi-şəhvarsız.
Canə azari-xədəngin xoş gəlir, ey qaşı yay,
Bir sifariş qıl ki, bizdən ötməsin azarsız.
Zöhddən keçməz Füzuli, eyləməz tərki-riya,
Pənd çox verdim, eşitməz arsızdır, arsız.