Xəsis qazı
Xəsis qazı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir kənddə kasıb bir adam yaşayırdı. Bir dəfə o, bir bardaq qızıl pul tapır və onu gizlətmək qərarına gəlir. Lakin müvafiq yeri hec cürə tapa bilmir. Onda o, qazını yada salır və fikirləşir:
“Hamı həm məsləhət üçün, həm də mübahisəli məsələlərin həlli üçün qazının yanına gedir. Mən də qızılı aparıb verim ona, qoy o, saxlasın”. O, bir bardaq qızılla qazının yanına gəlir və onu masanın üstünə qoyur.
Qazı deyir:
-Rəfə qoy!
Kasıb bardağı rəfə qoyub, evinə yollanır. İki-üç aydan sonra kasıb qızıllarını geri götürmək üçün qazının yanına gedir.
-Bardaq qoyduğun yerdədir, - deyə qazı bildirir.
Kasıb bardağı götürüb evə gəlir. Bardağın qapağını qaldıranda orada qızıl əvəzinə bal görür. O, qərara gəlir ki, bu barədə hec kəsə hec nə deməsin.
Kasıbın qonşuluğunda bir müəllim yaşayırdı. O, kasıbı pərişan görüb ondan nə baş verdiyini soruşur:
-Mənim bir bardaq qızılım vardı, saxlamaq üçün qazıya vermişdim. İndi onu geri alanda, gördüm ki, qızıl bala çevrilib, - deyə kasıb cavab verir.
Qazının iki oğluna dərs deyən müəllim deyir:
-Gedib meşədən iki ayı balası gətir, qalanı ilə işin yoxdur.
Kasıb meşəyə gedib, oradan iki ayı balası tutub gətirir, onları müəllimə verir. Müəllim qazının əynindəki çuxadan geyinir və gündə üç dəfə ayı balalarına ətəyində yem verir.
Bir müddət sonra ayı balaları çuxanın ətəyində yeməyə öyrəşir.Bir dəfə müəllim qazının oğlanlarını bir neçə günlüyə öz evində saxlayır.
Uşaqlarını xəbər almaq üçün qazı müəllimin yanına gəlib soruşur:
-Hanı mənim uşaqlarım?
-Onlar ayı balalarına çevriliblər, - deyə müəllim cavab verir.
-Sən nə danışırsan? Məgər uşaqlar ayı balalarına çevrilə bilər? deyə - qazı təəccüblə soruşur.
Müəllim deyir:
-İnanmırsansa sən burda otur, mən ayı balalarını buraxıram. Əgər onlar sənə tərəf gəlib çuxanın ətəyindən tutsalar, deməli sənin uşaqlarındır, yox, əgər bunu etməsələr, deməli səninki deyillər.
Qazı və onun yaxın adamları müəllimin otağında otururlar.
Bu vaxt müəllim ayı balalarını buraxır. Onlar dərhal qazının yanına qaçıb onun çuxasının ətəyindən dartmağa başlayırlar. Adamlar qazıya deyirlər:
-Qazı, müəllim haqlıdır, sənin uşaqların ayı balalarına çevriliblər.
Qazı hirslənib onları otaqdan qovur və müəllimə deyir.
-Müəllim dediklərin həqiqətdir. - Lakin mənə de görüm, uşaqlar ayı balalarına neçə çevrilə bilərlər?
Onda müəllim cavab verir:
-Ay qazı, bəs bardaqdakı qızıl bala necə çevrilə bilər?
-Allah xətrinə, gəl məndən iki bardaq qızılı götür ,ancaq balalarımı özümə qaytar, - deyə qazı ona yalvarır.
Müəllim qazıdan iki bardaq qızılı alır. Birini kasıba verir, o biri bardağı isə özünə götürür və qazının uşaqlarını evə buraxır.
Mənbə
redaktə- Dağıstan xalqlarının nağılları, Bakı, 2013