Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs
Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.79. |
Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs,
Hüsni-surətdə cəmalın güli-xəndan ilə bəhs.
Cənnəti kuyinə zöhd əhli münasib desələr,
Nə münasib ki, qılam bir neçə nadan ilə bəhs.
Yüzünə durmasın ayinə urub lafi-səfa,
Nə rəva məh qıla xurşidi-dirəxşan ilə bəhs.
Gərçi şümşaddə çox lafi-lətafət vardır,
Yorulur eyləsə ol sərvi-xuraman ilə bəhs.
Qılsa can lə’lin ilən feyz yetirmək bəhsin,
Canibi-lə’lini tut, ey könül, et can ilə bəhs!
Düşər od şəm’ dilinə bu səbəbdən ki, qılır
Dil uzadıb gecələr ol məhi-taban ilə bəhs.
Sifəti-hüsnün edər xəstə Füzuli, nə əcəb,
Hüsni-göftardə gər eyləsə Həssan ilə bəhs.