Xəyalın uçuşu

Xəyalın uçuşu
Müəllif: Abbasqulu ağa Bakıxanov


Çox gəzmişəm mən səyahət edərək,
Rusiyyədən--Lehistana gedərək,
Bir neçə ay Varşavada qalmışam,
Hər cür eyşi-işrətdən kam almışam.
Çox adamla tanış oldum: mötəbər--
Həvəs əhli, hər bir işdən baxəbər--
Şəxslərlə məclislərdə oturdum,
Hər mədəni cəmiyyətə baş vurdum.
Bu diyarın Saları çox tədbirli,
Şahın yaxın naibi bir əmirdi.
Paskeviç! Bu adda böyük şöhrət var
Öz adıyla məşhur olmuş bu salar.
O hər gecə şən məclislər qurardı,
Bu məclisdə hər kəsə bir əş vardı.
Görünürdü hər gözəl bir xoş rənglə,
Cilvələnib dururdu min bəzəklə.
Ruh verirdi o gülşənin hər gülü,
Hər bir gülün yanında öz bülbülü.
Hər dilbər bir odlu baxış, bir nazla,
Aşiqini arayardı niyazla.
Ram olub hər, vəhşi ahu! Aşkar--
İstəyir bir ovçunu etsin şikar.
Yer etdikcə camal gözdə, könüldə,
Haldan hala düşürdü bu könül də.
Ürək çalmaq sevgidə bir adətdir,
Məhəbbətdən söhbət başqa söhbətdir...
Bu şəhərin bağı cənnət bağıdır,
Hər görüşdə dərdi, qəmi dağıdır.
Hər gözəllik bu şəhərdə olmuş cəm,
Bu yerlərin təsvirində acizəm.
Tərif etmək mümkün deyil söz ilə,
Görmək lazım bu şəhəri göz ilə.
Mən bir gecə xəstələndim qəflətən,
Evdə qalıb, uzaq düşdüm məclisdən.
Xəyal olcaq həmdəmim öz başımda,
Sakit oldu hər bir işdən başım da.
Nə aləmdir, bəh, bu xəyal aləmi!
Nə gözəldir xəyalın bu xoş dəmi!
Dedim xoflu, xəyalıma:--«Gəl dinlə,
Bu gecəni keçirim qoy səninlə».
Dedi:--«Kimdir məndən yaxşı sənə yar?
Sənsə mənə etməyirsən etibar».
Dedim:--«Necə mən səninlə dost olum?»
Dedi:--«Budur haqqa gedən düz yolum:
Badəmi iç, məst ol getsin dərdü-qəm
Önündə şam yandır, ələ al qələm.
Açıq deyim hər fikrimi, qulaq as!
Bil ki, vardır hər şadlığa bir əsas.
Əvvəl deyim sənə uca evlərdən,
Düzdür onlar düzəlmiş ağ mərmərdən.
Tikilir çox zəhmətlə hər imarət,
Bilinməz o kimə çatar nəhayət.
Gəl məclisdən, bu sərvətdən danışaq,
Bəzək, çalğı, səadətdən danışaq.
Xoşdur məclis, nəğmə, şadlıq, hər zaman,
Bunlar qoymaz ürək olsun pərişan.
Lakin olsa məclisçilik bir adət,
Boşdur ona çəkilən hər məşəqqət.
Bu nazənin pəri üzlü hər nigar,
Şirin dilli, xoş söhbətli, nazlı yar.
İşə salıb min bir kələk, hiyləni,
Məhv edərlər onlara meyl edəni.
Canan deyil, cana dərddir hər afət,
Onlarda yox mehribanlıq, səadət.
Bunca bəzək, zinət deyil nöqsansız,
Hər kəs onu daşımadı həycansız.
Hər nə qədər kamil olsa kəsri var,
Lap yaxşını pis söyləyər düşmanlar...
Xoş geyinmiş, xoş bəzənmiş, xoş gülən,
Dostlar gördüm dildə tez-tez «can» deyən.
Üzdə sanki səadət var qanında,
Fikri isə öz xeyrinin yanında.
Üzdə deyir:--«Dostam sənə ürəkdən»,
Həqiqətdə olur sənə o düşmən.
Yüz hiyləyə əl atıb bir ovçu tək,
Tora salır səni, qafil edərək.
İndi özün insaf ilə yaxşı bax,
Yaxşıdırmı belə qafil yaşamaq?
Bu da haman eyş-işrətdir, ey filan,
Şüurunu alıb etdi sərgərdan».
Mən eşitcək bu kəlamı çəkdim ah,
Dedim:--«Necə gör həyatım keçdi, ah!
Məni yurddan ayrı saldı bu səfər,
Dostlarımdan qaldım necə bixəbər!
- Mən Firəngə bir səyahət eyləyim,
Elmü-fəndən kəsbi-ləzzət eyləyim,--
Deyə, düşdüm boş xəyala mən aman,
Dəmir zərlə örtülübmüş nə yaman!»
Bu fikirim coşdurdu çox xəyalı,
Çox tünd oldu, dəyişildi əhvalı.
Söylədi:--«Ey sözü, işi boş nadan,
Dərdə düşüb dərmanını tapmayan.
Hər ifratdan mən, etmişəm səni mən,
Aşdın niyə hüdudunu belə sən?
Haqqı tanı ona eylə rəayət,
Bu səfərdən gəl heç etmə şikayət.
Səfər sənə tanıdar bu dünyanı,
Öyrədər o sənə elmi, ürfanı.
Yadındamı Rum elində, İranda,
Bir düşgünlük görmüşdün hər insanda.
Xəbərsizdi, onlar bütün aləmdən,
Yabançıydı onlara hər elmü fən.
Düşünürdü tək özünü hər biri,
Olmuşdu öz tamahının əsiri.
Fəxr edirdi hər kəs varla, nəsəblə,
İşi yoxdu təhsil ilə, ədəblə.
Bir məqsəddi dövlət yığmaq hər kəsə,
O dövləti sərf etsin boş həvəsə.
Axtarıb bir mənsəb tapsın özünə,
Zorla xalqı tabe etsin sözünə.
Dəm vuraraq onlar həsəb-nəsəbdən,
Kənardılar hər bir hünər, ədəbdən.
Yadındamı o zaman bu söhbətlər,
Ürəyinə salırdı min qəm, kədər.
Buna görə sən eylədin səyahət,
Bəlkə bir az qəlbin ola fərağət.
Darıxdı bəs burda niyə ürəyin?
Başqa,bir yer olmuş indi diləyin.
Pərişanlıq qoymaz sən kam alasan,
Bir yerdə sən durub rahət qalasan.
Artıq sənin ömrün keçmiş hədərə,
Çox dolandın bu aləmdə dağ, dərə.
Hər tayfayla elədin sən çox söhbət,
Aldığın nə oldu bundan nəhayət?
Qəflət içrə uyumuşdur kamalın,
Ayılmadın bax indi də. Xəyalım--
Çox mənalar mənə izhar eylədi,
Yatmış idim sanki bidar eylədi.
Dedim:--«Sən ey mayasızlar mayası,
Müflislərin sənsən dərdə davası.
Sayəndə çox dərdə əlac tapılar,
Təxtü tacsız şaha dönər gədalar.
Mənsəbindən məst olanı sən haman,
Ayıldırsan mənasız, boş xülyadan.
Kim özünü yüksək bilsə hər kəsdən,
Öz həddini qandırarsan ona sən.
Bir yol göstər mənə, oldum biçarə,
Bu dünyada istəksiz bir avarə.
Söylə nə cür mən də çatım murada,
Nə iş ilə məşğul olum dünyada?
Nə etməli ki, asudə olum mən,
İslam ilə Firəng çəkişməsindən.
Söylə varmı bu dünyada bir məkan,
Ki orada ürək olsun kamran?
Burda xəyal ayrıca bir surətlə,
Məni haldan hala saldı sürətlə.
Tam unutdum varlığımı mən bu dəm,
Bilmədim ki, haradayam, mən kiməm?
Çox qəribə hala düşdüm, nagahan--
Gözlərimdə cilvələndi bir məkan.
Bəh, nə gülşən, bəh, nə əlvan mənzərə!
Bir yar kimi bəzənmişdi dağ, dərə.
Şırıltıyla axar hər yan çeşmələr,
Sularda gül, göz yaşı tək əks edər.
Əlvan paltar geymiş necə bu diyar,
Səf-səf durub bax meyvəli ağaclar.
İki yandan çay axmada sürətlə.
Ad qazanmış bu yer böyük nemətlə.
Yüksək bir dağ qarşısında gur dəniz,
Hər ikisi ləzzət verir şübhəsiz.
Dağ başında qar ağarır hər zaman,
Qülləsində soyuq hava biaman.
Qarşısında günəş belə baş əyir,
Sayəsində bir aləmə vermiş yer.
Qara rəngli dənizmi bu yer haman,
Ya da yerdə vardır başqa asiman.
Orda gəzən gəmidə var çox cəlal,
Sanki göydə gəzir aydın bir hilal.
Gur çayların arasında aşikar,
Çox səfalı yerdə gözəl bir kənd var.
Bağı, cənnət bağının bir kənarı,
Göz yaşıtək duru axır suları.
Bülbülləri cəh-cəh vurur biqərar,
Havasında bu yerin gül ətri var.
Evləri, bax yaşıllığa bürünür,
Sanki göydə nurlu ulduz görünür.
Hər tərəfi yaşıl, sarı rəngli kərd,
Birləşmişdir sanki qızıl, lacivərd.
Çöldə sürü gəzdirir, bax hər çoban,
Neylərində bir səda var ruhaçan.
İşsiz qalmaz nə ki qadın, kişi var,
Bu yerdə bax hər kəsin öz işi var.
Burada kin, həsəd bilməz bir insan,
Qardaş kimi bir-birinə mehriban.
Ayrıca bir ev gördüm arx başında,
Bir doğmalıq var idi hər daşında.
Çox da gözəl deyildisə imarət,
Saraydan çox onda vardı şərafət.
Ətrafında güllər açmış gülşəndi,
Bu evin hər mənzərəsi çox şəndi.
Həyətində hovuz, önü xiyaban,
Bir tərəfdə bağı vardı, al-əlvan.
Gördüm ki, çox cəlallıdır bu bina,
Dedim burda gərək olsun kətxuda.
Sonra tanış olmaq üçün əhvalla,
Mən bu evə daxil oldum xəyalla.
Ev sahibi evdə idi, sübh ikən,
Yatağında yatmış idi xeyli şən.
Yatağında öz qadını şadiman,
Bir bədəndə biri ruhdu, biri, can.
Sonra qəhvə içirdilər kədərsiz,
Ömürləri keçirdi xoş, xətərsiz,
Söhbət edib gülürdülər anbaan,
Hər sözləri xoşdu, gözəl, mehriban.
O bir sadə paltar geyib tez durdu,
Gəlib başqa bir otaqda oturdu.
Bu otaqda xeyli kitab var idi,
Hər suala orda cavab var idi.
İslamın və Firəngin hər əxbarı,
Sülhün, həm də davanın hər əsrarı.
Zahirdə bir guşənişin görünər,
Lakin verər Hind, Rum, Çindən o xəbər.
Gah oxurdu kitabları xoş səslə,
Gah da əsər yazardı min həvəslə.
Neçə saat belə məşğul olaraq,
Sonra etdi başqa işə o maraq.
Gəlib tapdı onu neçə həmdəmi,
Söhbətinin vardı başqa aləmi,
Kətxudaya, xəlqə o xoş niyyətlə,
Çox xeyirli sözlər dedi hörmətlə,
Qoydu işi öz yoluna əlbəəl,
Hər kəsə o verdi dəsturul-əməl
Bir az sonra məhsulundan alaraq,
Məclis qurdu, süfrə açdı bir sayaq,
Ki, üstündə görünmədi heç nöqsan,
Neçə nəfər yeyib doydu firavan,
O yeməkdən sonra neçə saət də,
İstirahət eylədi bir xəlvətdə,
Axşam üstü çıxdı o bağ seyrinə,
Dincəlməkçin, yüngül ayaq seyrinə,
Nəzər saldı güllərin xoş üzünə,
Qüvvət gəldi beyninə və gözünə.
Bağbanına göstərişlər verərək,
Dedi: «Gəl bu ağacı sən belə ək»,
Sonra o gah süvari, gah piyada,
Məşğul oldu şikarla xoş havada.
Gecə oldu, qayıdaraq evinə,
Dağdan enib, evə çatdı o yenə.
Arvadıyla söhbət etdi könül şad,
Həyatından razı qaldı, şən, azad.
Onun gözəl həyatını görəndə,
Pərişanlıq saldı məni kəməndə.
Sual etdim xəyalımdan haman vaxt,
«Kimdir azad ömür sürən bu xoşbəxt?»
Müyəssərdir ona bütün diləyi,
Canı sağlam, kədərsizdir ürəyi.
Paxıllığım tutdu, necə tək adam,
Toplamış din, dünya zövqün belə tam.
Mənsə oldum kami-dilçin dərbədər,
Gəzməkdəyəm bu dünyanı sərbəsər.
Mən fələyə deməyimmi biaman,
Mən nakamam, osa belə kamiran.
Xəyal gülüb dedi: «Anla, ey qafil!
Paxıllığın özünədir, yaxşı bil!
Qeyrət etmə cəhalətlə sən buna,
İp bağlamış nəfsin bil öz boynuna.
Pislik edən pislik görər, bu bişək,
Buna nə xalq müqəssirdir, nə fələk.
Cəsarətlə bu qorxunu gəl burax,
Gözünü aç, bir özünə yaxşı bax.
Bu gözəl kənd, bu bina, bu nazlı yar,
Səninkidir,cəhaləti et kənar.
Bu ki, sənsən, bu da sənin həyatın,
Bunlar sənin öz halın, öz büsatın.
Bir bax, hər şey burda hazır, sən uzaq,
Sənin könlün öz nəfsinə uyaraq,
Səadəti verib burda əlindən,
Axtarırsan, uzaqlarda onu sən.
Bir əhd etdim xəyalımla bu axşam,
Bu səfərdən əgər mən sağ qayıtsam,
O guşədə sakit qərar tutaraq,
Yaşayaram qovğalardan mən uzaq.
Qalan ömrü keçirərəm firavan,
Şükr edərəm allahıma hər zaman.
Qüdsi, xoşdur Əmsar adlı məskənin,
Şəhərlərdən çox üstündür öz kəndin.