Xaşıl əhvalatı

Xaşıl əhvalatı
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Səadət Hacıyeva. Nanaylı-halaylı dünyam (PDF) (az.). "SkyG". 2017. ISBN 978-9952-440-08-05. İstifadə tarixi: 2017.

Həmid beş bacının bir qardaşı idi. Qırx qurbanla tapıldığı üçün ərköyün böyüdülmüşdü. Əkin-biçin işlərini atası tək görərdi. Həmid isə hər gün tay-tuşları ilə gündüzünü gecə eliyərdi. Bir gecə atası onu qabağına qoyub xeyli danladı. Bir işin qulpundan yapışmağının vaxtı çatdığını söylədi. Belə danlağa öyrənməyən Həmid çox pərt oldu. Səhər dədəsi çölə əkinə getdi. Həmid yenə də kefi istəyəndə yuxudan durdu. Anası xaşıl bişirmişdi. Həmid bəlkə kömək eləyər: – deyə, anası atasına xaşılı onunla göndərdi. Atasının danlağı Həmidə xoş gəlməmişdi. Odur ki, əkinə çatan kimi atasını çağırdı:
– Dədə, xaşıl soyudu, gəl ye.
Atası işini buraxıb yemək üçün gəldi. Bağdaş qurub əyləşdi. Qaşığı götürüb xaşıldan bir qaşıq ağzına qoydu. Udqundu, gözündən yaş axmağa başladı. Xaşıl boğazını yandırmışdı. Həmid soruşdu:
– Dədə, niyə ağlıyırsan?
– Həmid adlı oğlum ölüb, onunçün ağlıyıram, – dedi atası.