Xalın görəndə mürği-dilim biqərar olur
Xalın görəndə mürği-dilim biqərar olur Müəllif: Molla Hüseyn Dəxil |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Xalın görəndə mürği-dilim biqərar olur,
Kim quş görəndə danəni, biixtiyar olur.
Gizlin görüb cəmaluvi mən gizlin ağlaram,
Zülfin açılsa, nalələrim aşikar olur.
Eşqində kim mən əsirə məlamət dilin açar,
Bu hüsnilə görəndə səni şərmsar olur.
Vəslin xəyalı Şümrə məni eyləyib əsir,
Bülbül güldən ötrü bəli, xarə zar olur.
Zənciri-kakilin məni xəlq içrə saxlayıb,
Gər olmaya bu riştə, yerim kuhsar olur.
Zülfündə könlümün quşunun aşiyanı var,
Vermə sabah yelinə, evim tarümar olur.
Qoy ağlayım ki, ta deməsinlə xəzan gəlir,
Bülbül səsi gələndə deyəllə, bəhar olur.
Mən bir sənə əsirəm, əmoğlu, yoxumdu bak,
Qoyma bu adı özgəsi qoysun ki, xar olur.
Mümkün deyildi Şümr məni eyləsin əsir,
Ahu nə vəqt rubəh əlində şikar olur?
Amma tutanda ovçu iki ahunun birin,
Labüd kəməndinə o biri tez düçar olur.
Xamə yazanda qisseyi-ləbtəşnə aşiqi
Ab ilə çün dolar gözü-söz abdar olur.
Üşşaq sərgüzəştəsini çün yazır Dəxil,
Başdan aşar sirişki, çü gövhər nisar olur.