Xalından uçdu mürği-xəyalım ləb üstünə

Xalından uçdu mürği-xəyalım ləb üstünə
Müəllif: Mirzə Əli Xan Ləli
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Xalından uçdu mürği-xəyalım ləb üstünə,
Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.

Könlüın xəyali-zülfi-pərişanda cəm idi,
Birdən dağıldı xalü xətü ğəbğəb üstünə,

Eylər silahi-hüsni-rüxun aləmi xərab,
Zülfun açılsa pərçəmi, bu məvkəb üstünə.

Qaşındı bu ki, guşəsi zülf üstə meyl edib,
Ya Zülfüqardır, əyilib Mərhəb üstünə.

Bu siminab üzarını simab tək ərəq,
Bir aya bənzədir, düzülə kövkəb, üstünə.

Övc etdi çahidən mehi-nəxşəb, vəli, çıxıb
Çahi-zənəx, üzündə məhi-nəxşəb üstünə.

Cövlan edəndə hər tərəfə, can şikar edər,
Kimdir bu şəhsüvar, çıxıb mərkəb üstünə?!

Piçidə olma zülfünə çox, busədən danış,
Çox tul vermə bu sözə, keç mətləb üstünə!

Tök sinəm üstə zülfünü, zülfün çalıb məni,
Əqrəb çalan yerin qoyulur əqrəb üstünə.

Canan ki, bircə busəsinə nəqdi-can alır,
Ləli, bu candan əl götü, qoy ləb, ləb üstünə.