Xanın təsbehi
Xanın təsbehi Müəllif: Cəlil Məmmədquluzadə |
Bakı ilə Tiflisin arasında dəmir yolunun Yevlax stansiyasından şosse yolu gedir Bərdəyə, sonra Ağdama, buradan baş yuxarı gedir Şuşa qalası şəhərinə. Ağdamdan sol tərəfə şosse yolu gedir çıxır Qarabulağ şəhərinə, buradan Cəbrayıla, Cəbrayıldan yol gedib çıxır Araz qırağına.
Məşhur Xudafərin körpüsü həmin buradadır.
Bir neçə il bundan əqdəm mən həmin bu körpünü keçdim, qalxdım İranın dağlarına. Buradan Qarabağ vilayəti başlanır, ta gedib çıxır Təbrizə. Sol tərəf Şahsevən elləri, sağ tərəf Rusiya torpağının Avar sərhəddi.
Yayın qabaq ayı idi. Arazın bu tərəfində isti çox şiddət edirdi. Körpünü keçib qaldıq çayın o tərəfində, bir dağın ətəyində. Sübh tezdən qalxdıq Larcan kəndinə; Quluxana qonaq olduq. Üç gün burada qalandan sonra, baş yuxarı dağları qalxa-qalxa dəxi də
sərin və dəxi də səfalı İran dağlarına qalxdıq.
İki gün yol gedib yetişdik məşhur Kəleybər qəryəsinə. Burada da iki gün qalandan sonra istədik gedək Əhər şəhərinə ki, sonra da oradan Təbrizə yollanaq; amma haman vilayətin məşhur xanlarından Nəzərəli xan İkrammüddövlə qabağımıza üç nəfər atlı
göndərib, bizi öz kəndinə qonaq çağırdı. Biz də getməyə bilməzdik və getdik.
Ağayi-İkramüddövlə Gərmə-çataq kəndində olurdu ki, həmin kənd də və qeyri ətraf kəndlərin də cümləsi xanın öz əmlakından idi. Gərmə-çataq kəndi Kəleybərdən də dəxi uca olan dağların ətəyində Mərzənli qəryəsinin sol səmtində səfalı, balaca bir yaylaqdır.
Kəndin əhalisinin miqdarı olar təqribən iki yüz nəfər. Yaxşı sərin suları, gözəl otlanacaqlar…. Amma heyf və səd heyf, xanların arasında neçə ildə bir dəfə vaqe olan toqquşma nəticəsində kənd əhalisi macal tapa bilmir öz məişətini elə hala yetirsin ki,
asudəlikdə belə gözəl yerdə rahat yaşaya bilsin. Bir tərəfdən də neçə il bundan qabaq orada üz verən yatalaq azarı və aclığın səbəbindən camaatın yarısı və bəlkə də yarısından çoxu qırılıb qurtarıbdır. Odur, çox yerlər boş və sahibsiz evlər, qapı və pəncərəsiz binalar gözə sataşmaqdadır.
Xülasə.
İkramüddövlədən nəhayət mehribançılıq gördük. Vaqeən İranın mehmannəvazlığının mislini qeyri yerdə, zənn edirəm, görmək
olmaz.
Xanın əmrinə görə Gərmə-çataq kəndində bizə bir məxsusi kənd evi boşaldıb vermişdilər və bundan əlavə haman evin damının üstündə xanın xidmətçiləri iki alaçıq qurmuşdular ki, istəsək haman alaçıqlarda, istəsək bizə verilən eyvanda qalaq.
Nəzərəli xan İkramüddövlə Qarabağ xanlarının ən insaniyyətli və ən tərbiyəli xanlarından hesab olunardı və xanın rəiyyətlərini danışdıranda da bir kəs tapıla bilməz ki, xandan bir zərrə qədər incimiş olsun.
Bununla bərabər xanın rəiyyətlərinə nisbət rəftarına baxanda bizim kimilərə çox qəribə gəlirdi. Bir nəzər ilə baxanda haman rəftar başdan-axıra kimi zülm və sitəmdən ibarət idi. Amma bir tərəfə baxanda burada nə bir zülm, nə də sitəm görsənirdi. Bir surətdə
də ki, hələ bəlkə demək olar ki, rəiyyətlər asudə istirahətlə dolanırdılar.
Məmləkətdə bir müəyyən qanun görsənmirdi. Hökumətə oxşar bir idarə yox idi. Məmləkət həmin İkramüddövlədən başqa heç bir qeyri hökumət tanımırdı. Təbrizdən və Tehrandan bir xəbər və bir əlaqə yox və Nəzərəli xan hər bir kəsi asıb kəsə də bilərdi,
əfv edib hər bir bəndənin ömrünü ona bağışlaya da bilərdi.
Məhkəmə də özü idi, qəzavat da özü idi, şəriət də özü idi.
Hər bir kəndin bir kəndxudası kəndi idarə edirdi, cəmi kəndxudaları da İkramüddövlə idarə edirdi. Vəssalam.
Və həmin Nəzərəli xanın ətrafındakı vəzirlər ibarət idilər bir dəstə fərraşdan ki, əllərində şallaq küçə-bacanı gəzib, xanın əmrini rəiyyətə yetirirdi.
Və lakin Nəzərəli xanın tək bircə nəfər baş vəziri var idi ki, bunun adı Mirzə Sadıq Munşi cənablarıdır ki, kəndli arasında Molla Sadıq adı ilə də məşhur idi.
Nəzərəli xan da həmin Mirzə Sadıq Münşi də — hər ikisi olardı altmış, bəlkə altmış beş sinndə.
Xan özü çox xoşxasiyyət nəzərə gəlirdi ki, rəiyyətlərlə bunun arasında heç bir saxtalıq, bədməzaclıq mən görmədim. Amma fərraşlara gəldikdə bunu əbədən söyləmək olmaz. Və orada gördüklərimdən bunu yadımda saxladım ki, dünyada zülm və incitmək ibarət imiş Qaradağda xan fərraşlarının rəiyyət barəsində tutduqları rəftarlarından.
Sübh tezdən yuxudan oyanan kimi eşidirdik ki, rəiyyətin birinin evindən qiylü-qal səsi gəlir. Məlum olardı ki, fərraş Əli Cəfər, xanın evi üçün Kərbəlayı Musadan iki girvənkə yağ istəyir. Kişi evdə yoxdur. Arvad and içir ki, yağ yoxdu. Fərraş Əli Cəfər
arvadı söyüb yamanlayandan sonra qayıdıb gedir və dübarə qayıdıb xanın təsbehini gətirir. Di çarə yox, yer deşiyindən də olmuş olsa, Kərbəlayı Musanın arvadı yağı tapıb fərraşı yola salır.
Çünki xanın təsbehi gərək boş qayıtmaya.
Təsbeh barəsində bir neçə söz
Bir yana sifariş eləyəndə bir nişanə göndərmək qədim adətlərin biridir. Nişanə göndərmək o vədələr lazım olub və olur ki, sifariş eləyən, ya sifariş alan savadsız ola. Birisi öz evinə adam göndərib bir şey istəyəndə bıçağını göndərir və qeyri birisi bir yerə
sifariş edə, açar göndərir.
Nəzərəli xan İkramüddövlə belə qayda qoymuşdu: qabaqca fərraş gəlib rəiyyətdən bir şey istərdi. Əgər rəiyyət verdi, verib, əgər vermədi, fərraş bir-iki şallaq çəkib qayıdardı xanın üstünə və ikinci dəfə xanın təsbehini gətirərdi. Bu dəfə əgər o hökmə əməl
olundu, olunub, olunmadı — dəxi fərraş ixtiyar sahibidir; yəni o qədər ixtiyar sahibidir ki, əgər xəncərin çıxardıb "yox" deyənin boynunu vursa, dəxi bilmirəm nə olar və yəqin də heç bir şey olmaz.
Mən bir dəfə haman təsbehi gördüm. Fərraş bir kəndlidən genə xanın evinə bir qoyun istəyirdi. Qoyun da yox idi. Fərraş qayıdıb ikinci dəfə xanın təsbehini gətirdi. Kəndli fori ulağını verdi qonşusuna, bir keçi ilə bir qoyun aldı, qoyunu göndərdi Nəzərəlixana,
keçini ötürdü otlamağa.
Haman təsbeh qara, narın dənəli və qırmızı ipək sapa düzülmüş təsbeh idi və qeyri bir fəziləti də yox idi, savayı ondan ki, Nəzərəlixanın təsbehi idi.
Biz olduğumuz ev Kərbəlayı Qurbanın yetimlərinin evi idi. Evin sahibi yetimlərin anası Pəri arvad idi. Biz eyvanda və damın üstündə vaxtımızı keçirirdik, Pəri arvad da üç-dörd yetimlərilə içəri evində bir-iki baş heyvanları ilə olurdu; bir ulağ idi, bir inək idi, bir-iki də qoyun-keçi idi. Səhərlər Pəri arvad süd sağıb uşaqlara bişirəndə mən də hərdən bir gedərdim. Pəri arvad ağzında yaşmaq oraların keçəcәyindən nağıl edərdi. Arvadın yaşı əllini və bəlkə əlli beşi keçmişdi; amma özü mərtub, sifəti qaraşın, hündür və salamat bir arvad idi. Əlahiddə bir gözəlliyi də yox idi; amma beləcə babat idi.
Mən bircə dəfə gördüm ki, Mirzə Sadıq Münşi sübh tezdən Pərinin ocağının başında oturub çubuq çəkir və Pəri ilə danışırdı. İkinci dəfə də gördüm ki, Mirzə Sadıq Münşi genə haman ocaq başında oturub çubuq çəkir; amma bu dəfə məni görcək işarə ilə
məni çağırdı. Mən də getdim və Pəri arvad mənim də altıma bir köhnə uşaq döşəkçəsi saldı. Mirzə Sadıq mənə əyləşməyi təklif etdi. Oturdum.
Mirzə Sadıq üzünü mənə tutub dedi:
"Cənab Molla Nəsrəddin, mən səni bir allah bəndəsi hesab edib bu məclisə dəvət etdim ki, mənim haqq sözlərimə şahid olasan. Mən bu saat səndən qabaq bu Pəri arvada təklif etdim ki, müvafiq qayda allah-taala göstərdiyi yol ilə mənə siğə olsun."
Eləcə Mirzə Sadığın ağzından bu söz bəlkə hələ çıxıb qurtarmamışdı, Pəri arvad elə atıldı geriyə, guya ayaqlarına od basdılar.
"Molla Sadıq Münşi, Molla Sadıq Münşi, o sözü danışma. O sözü danışma, o sözü danışma!…."
Vaqeən Pəri arvad bu sözləri elə bir əl-qol ata-ata dedi ki, mən dik atıldım ki, istədim qaçam. Hərçənd qaçmadım, amma yavaşca çıxdım getdim. Mənim dalımca da Mirzə Sadıq Münşi çıxdı və düz, dinməz-söyləməz çıxdı getdi.
Amma bir azdan sonra haman Mirzə Sadıq, yanıyca fərraş Əli Cəfər gəlib durdular Pərinin həyət qapısının ağzında. Fərraş Pəri arvadı harayladı. Arvad çıxdı qapının ağzına və fərraş xanın təsbehini yuxarı qalxızıb, başladı ən uca səslə deməyə:
"Pəri, Pəri, Pəri! Axund Sadıq Münşinin şikayətinə görə xan bu təsbehi göndərdi ki, sənə nişan verim. Yaxşı bax bu təsbehə. Bu haman təsbehdir ki, iki il bundan qabaq xanın fərmayişinə ağ olan dəyirmançı Mehdini, bax, haman qayadan dərəyə elə tulladı ki, uşaqları heç ölüsünü də tapmadılar. Bu haman təsbehdir ki, Orucəlinin evini yandırdı, uşaqlarını çölə dağıtdı. Aç gözlərini, gör haman təsbehdir, ya yox…."
Pəri arvad astanada ağzını yaşmaqla büküb, dəxi dinməz-söyləməz qulaq asırdı…. Qonşular da qulaq asırdı.
O da bir söz demədi, Mirzə Sadıq da bir söz demədi, fərraş da dəxi bundan artıq danışmadı və hamı dağıldı.
Bundan sonra bir neçə gün mən görərdim ki, Münşi Axund Mirzə Sadıq gəlir girir Pəri arvadın evinə və orada ocaq başında oturub söhbət edir.
Mən dəxi ora getməzdim və məni ora heç çağıran da olmazdı.
Bundan sonra ay yarım da Gərmə-çataqda qaldım, sonra çıxdım getdim Əhər şəhərinə. [Mənbə göstərin]