Xaqani qürbətə basalı ayaq
Xaqani qürbətə basalı ayaq Müəllif: Xaqani Şirvani Tərcümə edən: Ələkbər Ziyatay |
Xaqani qürbətə basalı ayaq,
Olmuş tək qapılı bir evdə dustaq.
Nə evin içində rahət olur can,
Nə də var bayıra çıxmağa imkan.
Üzü divaradır, sanki hörümçək,
Girmiş daş altına bir qarışqatək.
Qıfıldır keşikci ona bayırdan,
Daxildə cəftədir ona pasiban.
Nəfəsi - alovdur, göz yaşı - Ceyhun,
Qəlbi - od kürəsi, ahı - od onun.
Salınmış dörd yanı bağlı bir yerə,
Açılır qapısı geniş göylərə.
Sükut qıfılını ağzına vurub,
Ümidini haqqa bağlayıb, durub.
Nə qədər bu ümid qonaqdır bura,
Qapını açmayın yad duyğulara.
Xaqani, xoş həyat fıkrindən əl çək!
Dünyada tapılmaz dərdsiz bir ürək.
Dörd əsas üstündə dayanmış cahan,
O dörddən hər biri sayılır ərkan.
Sən də öz evinə dörd cəhət axtar,
Çünki, hər təməli dörd səbəb qurar.
Şadlığın şərtisə üç şeydədir, bax:
Məkandır, zamandır, bir də dost, - ancaq.
Dördüncü şərtini görən olmamış,
Çünki, yoxdan xəbər verən olmamış