Xaso xanımla deyişmə
Xaso xanımla deyişmə Müəllif: Şəmkirli Aşıq Hüseyn |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Xaso xanım
Başma döndüyüm, ay Aşıq Hüseyn,
Gəl getmə, gəl getmə, böylə yola sən.
On səkkiz aşığı bəndə salıbdı,
Öz başına özün açma bəla sən.
Aşıq Hüseyn
Başına döndüyüm, ay Xaso xanım,
Vətənimdən durdum düşdüm yola mən.
Bu yolların yolçusuyam əzəldən,
Tifil ikən gəzdim eldən-elə mən.
Xaso xanım
Cəzana gəlirsən gədikdə, düzdə,
Məsləhətin nədi bu doğru sözdə.
Yeddi qaçaq durub Dərələyəzdə,
Qorxuram düşəsən əldən-ələ sən.
Aşıq Hüseyn
Xançalam, olmadı bıçaqdan qorxum,
Uçubdu başımdan haçandan qorxum,
Bəzirgan döyüləm, qaçaqdan qorxum,
Tutaram onları şirin dilə mən.
Xaso xanım
İstəsən söyləyim sözün düzünü,
Yaraya səpməzlər göydaş duzunu,
Xaso xanım Haso bəyin qızını,
Alıban da bizim eldə qalasan.
Aşıq Hüseyn
A gözəl kürd qızı, başımm tacı,
Ərəbzəngi kimi baxma qıyqacı,
Aşıq Hüseyn sənə deyibdi bacı,
Əlimi vermişəm özgə ələ mən.