Xoş gəldin (Aşıq Abbas Tufarqanlı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Xoş gəldin
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Başına döndüyüm ay Əsmər xanım,
Təşrif qılıb sən bu bağa xoş gəldin.
Süsəndən, sünbüldən dərib dəstinə,
Mərhəmət eylədin, saya xoş gəldin.

Hicran keçdi, könlüm natavan oldu,
Qara bağrım laxta-laxta qan oldu,
Dağıldı gözəllər, pərişan oldu,
Əlif qəddim döndü yaya, xoş gəldin.

Gözəllər içində bəsli, bəllisən,
Şirin ixtilatlı, ləbi ballısan,
Zənəxdanı bir cüt qoşa xallısan,
Qatardan ayrılmış maya, xoş gəldin.

Abbas deyər: halay-halay, a dağlar,
Təbib görsə, yaralarım qan ağlar,
Əsmər burdan getsə, boş qalar bağlar,
Sən vermə ömrünü zaya, xoş gəldin.