Xoş ol qəlbə ki, hər mövqe ona bir eşq rəhbərdir
Xoş ol qəlbə ki, hər mövqe ona bir eşq rəhbərdir Müəllif: Abbasqulu ağa Bakıxanov |
Xoş ol qəlbə ki, hər mövqe ona bir eşq rəhbərdir,
Odur həm Cəbrəilu vəhy, o Qurandır, peyəmbərdir.
Əgər aləm desə aşiq olubdur kafər, eyb etməz,
Bu sözlər macərayi-haləti-Səlmanü Buzərdir,
Yəqin məslək cahanında bulunmaz xasü am əsla,
Ədalət--imana, zülmü sitəm--küfrə bərabərdir.
Bu incə nöqtə həll olmaz ağılla, mey gətir saqi,
Sənə ta kəşf edim halı, bu dəm hər şey müqəddərdir.
Əlindən yaxşı bir iş çıxmayan kəslər deyil mömin,
Həqiqət və ədalətdən kənar hər kəs də kafərdir.
Əməksiz bil bu aləmdə iş aşmaz, ruzi bəxş olmaz,
Bizimdir hər əməl, hər iş, bizə bunlar müyəssərdir.
Nə çatsa dostdan, ey Qüdsi, təşəkkür eylə, razı ol,
Ki, hər qəmdən sora şadlıq bu dünyada muqərrərdir.