Xoşam kim, dəmbədəm giryan gözüm ol xaki-padəndir
Xoşam kim, dəmbədəm giryan gözüm ol xaki-padəndir Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.105. |
Xoşam kim, dəmbədəm giryan gözüm ol xaki-padəndir.
Ziyanı olmaz ol göz yaşının kim, tutiyadəndir.
Dəmadəm mərdümi-çeşmim içər qan zülfü xalından,
Bəli əksər mə’aşi əhli-dəryanın qəradəndir.
Demə Fərhad qanın tökmüş ancaq eşq şəmşiri,
Mənim gör qanlı yaşım kim, bu həm ol macəradəndir.
Müənbər sünbülündən almadan bu, olmadım rüsva,
Bu rüsvalıq mənə səndən degil, badi-səbadəndir.
Hübabi-əşk içində muyi-julidəmlə xoşhaləm,
Başımda bu humayun sayə ol ali binadəndir.
Vəfa rəsmin unutmuşsan deyə, incinməzəm zira,
Bu kim, məndən cəfa kəm eyləməzsən, həm vəfadəndir.
Kəmali-hüsni-məşrəb, ari olmaqdır təərrüzdən,
Riya əhlinə həm çox e’tiraz etmək riyadəndir.
Füzuli, tökmə çox yaş, ehtiyat et getməsin nagəh
Gözündən sürmə kim, xaki-rəhi-əhli-səfadəndir.