Rəvayətlər. Xorna kəndi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Deyilənə görə, keçmişdə Xorna adlı bir kənd vardı. Bu kənddə cavan bir ovçu vardı. Bu oğlan hər gün meşəyə gedirdi. Ox-kamannan ov ovlayıb evə qayıdırdı. Bir gün meşədə oğlanın qabağına bir ceyran çıxır. İstəyir ki, ceyranı vursun, bu vaxt ceyran dönüb gözəl bir qız olur. Oğlan qızı götürüb kəndlərinə aparır. Bu qız öz donunu da oğlangilə gətirir. Oğlan qızla evlənməyi qərara alıb toy edir. Toy zamanı oğlan qızın donunu oda atır. Elə bu zaman göydə ildırım çaxır, külək əsir, küləyin içindən bir sehirli kişi əlini uzadıb qızı götürür.

Oğlan donu yandırmağına peşman olur. Ox-kamanını götürüb qızı axtarmağa gedir. Meşədə bir adamın zarıdığını eşidir. Bir az irəli gedib ağacda zəncirlənmiş bir qoca görür. Tez ox atıb zənciri qırır, qocanın canını qurtarır. Qoca oğlana dua edib hara getdiyini soruşur.

Demə, bu, dünya yorub yola salmış bir qocaymış. Bütün sirlərin yolunu bilirmiş. O, oğlanın dərdini bilib ona bir əmud verir. Sehrli kişinin harada qaldığını da deyir. Oğlan razılıq eləyib yola düşür. Gedib bir qalanın qapısına çatır. Qabağına bir doqquzbaşlı əjdaha çıxır. Bu əjdaha həmin sehirli kişi imiş. Oğlan əmud ilə əjdahanı vurur, əjdaha böyük bir filə dönür. Oğlan əmud ilə fili də öldürür. Bu vaxt yer-göy titrəyir, qala dağılır, qalanın ortasından kiçik bir qala çıxır. Oğlan əmud ilə vurub qalanın qapısını sındırır, qız onun içindən çıxır. Oğlan qızı götürüb öz yerlərinə dönür. Yenidən toy çaldırıb qızla evlənir, xoşbəxt güzəran keçirirlər.