Xoy müftisi Rüknəddini, Rey alimi Rüknəddini və Tacəddin ibn Əminəddini mədh

Xoy müftisi Rüknəddini, Rey alimi Rüknəddini və Tacəddin ibn Əminəddini mədh
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Balaş Azəroğlu


Tez şərab ver ki, saqi, başladı kar,
Tez şabaş ver ki, gəldi nazlı nigar.

İş payızda axan sular kimidir,
Yar təzə başlayan bahar kimidir.

Bu işə, bir də o nigara, inan,
Gözlərin eyləyər fələk qurban.

Fironun camını gətir ki, səhər.
Dağ başından Musa əli görünər*.

Saxsı küpdə bir od yatıbdır hələ,
Ağıla od vurar, cana şölə.

Cama bax, orda nəqş olub: "aşiq",
Al şərab üstə görsənir: "məşuq".

Bağlayıb hər ümid yolunu zaman,
Bağlanan yolları açıb dövran.

Qəlb qəm-qüssədən azad oldu,
Çünki, mey qaynayıb cama doldu.

Camda var zəfəranla müşk fəqət,
Tərəzi xəttidir o camdakı xətt.

Hanı xanəndə ilə mey dolu cam?
Verə bu məclisə təzə ilham.

Hanı bəs o qədəh, piyalə hanı?
Gün hanı? Ay hanı? O halə hanı?

Gəl Muğan deyrinə, məni axtar,
Al əlimdən qirılmayan zünnar!

Əql açıb ağzını, danışsa əgər,
Əllərim ağzını mey ilə tikər.

Muğların adətincə xonça götür,
Meyi səkkiz bucaqlı camda gətir.

Camdakı meydə gör nə aləm var,
Elə bil Ay cahana nur saçar.

Badə nuş eyləsə cavanmərdlər,
Onları mey, inan ki, huşdan edər.

Gün şirin üstunə həmişə minir*,
Mey Günün üstünə minən şirdir.

Asiman bircə qurtum içsə şərab,
Yer kimi odlanıb olardı xərab.

Yer əgər bircə cürə meydən uda,
Göy kimi hərlənər, dayanmaz o da.

Üçü dörd ünsürün qaranlıqsa,
Hər üçü parlayar şərab olsa.

Xumarı qovmağa o məst başdan,
Saqi nar şirəsi edər ehsan.

Nar noğuldan şirindi mey içənə,
Dilbərin ləbləri nar oldu mənə.

Necə kafir - qılıncı çəkdi şərab,
"Kafiri öldürün" deyər mizrab.

Məst olan vaxtda olmasa badən,
Get, bazardan şərab alıb, iç sən.

Sübh çəkmiş qılıncı, qorxma, ucal,
Başın əyyar edər qılınca həlal!

Meyin hökmüylə xonça et fələyi,
İstə ulduzdan, içmə küpdə meyi.

Təzə Aydan qədəh düzəlt, al ələ,
Qədəhi doldur o şəfəqlərlə.

O Sürəyyanı sıx üzüm kimi sən,
Dola ta al şərab ilə badən.

Yediyi torpaq isə, zahid ilan,
Zəhər ifraz edər o ağzından.

An içmiş üzüm suyun tağdan,
Ağzının şəhdidir cana dərman.

Bax şərab içməyən o zahidə bir,
Su kənarında təşnə quş kimidir.

Nə qanır eyşü işrəti mömin,
Ətrin əttar bilir fəqət dəyərin.

Kim mahal bir işə əl atsa, inan,
Ummaz heç kimsə, bil, ağıl ondan.

Əsil insanı kim sanarsa hərif,
Kimsə etməz belə kəsi tərif.

Gər desən: əhli-dil bir insan var,
Ürəyin bu sözü edər inkar.

Sən xəyal içrə həmdəm axtarsan,
Öz yolun da çıxar yadından, inan.

Bir xəta eyləsə işində əgər,
Arifə Allah o xətanı keçər.

Yeddi şəxsə əgər nəzir versən,
Xızra tapşır o nəzrini hökmən.

Mey içəndə, unutma, sən ondan,
Torpağa bircə damla et ehsan.

Ey könül, bəsdi, bəsdi, içmə şərab,
Çox mey içmək edir çün əqli xarab.

Eyşü işrət çox olsa, qəm gətirər,
Məst olan etibarını itirər.

Şadlığın axırında, bil, qəm olar,
Hər sağın qarşısında bir sol var.

Daş suya düşsə, qərq olar naçar.
Su daşın qəlbini yarıb çağlar,

Hər sevinc min qəm ilə yetdi sona,
Bir sevinc min qəmə olubdur ana.

Altı, dörddürsə bir üzündə zərin,
Bir, ikidir o arxa üzdə yəqin.

Tarın hər pərdəsi ipək bağdır,
Öküz ətir saçar, o çılpaqdır.

Bil, ürək əks edir bədəndə nə var,
Ürəyin halı üzdə əks olunar.

Könülün məlhəmi ağıldı fəqət,
Çəkilər Gün doğan zaman zülmət.

Ağıl eylər şikayət hicrandan,
Qaldırar əllərin rübab tək hər an.

Dəf kimi köynəyi kağızdır onun,
Cəng kimi şalvarı palazdır onun.

Əqli badə yanında eyləmə xar,
Mələyə eyləmə divi salar.

Bəs deyil, ağ bədən o saqidən
Qırmızı mey tələb edirsən sən?

Ödə bənzər o meydə var bir əsər,
Qorxaq içsə, şiri şikar eləyər.

Bir də, mey ağlı da salır kardarı,
Elə bil kəkliyə dönür tərlan.

Məndən öyrən mey içməyi ancaq,
Səhər iç, tövbə et, qəbul olcaq.

Oldu Keyxosrova bu qəlbim cam,
Dünyanın sirrini açar o tamam.

Sən bu camdan halal olan suyu iç,
Harama vurma əl, kənardan keç.

Sədəf tək aç ağız yağışa hər an,
Həzər et bu fəsad üzüm qanından.

Süd əmibsən şirin döşündən əgər,
İçmə dovşan qanından, eylə həzər.

Əqlimə pərdə çəkmə rəngli sudan,
Odu göstərmə ki, qaçar aslan!

Sidiyin şeytanın töküb də cama,
Təbib ağlın qabağına qoyma.

Sanma əcdadını meyə düşgün,
Əkmə şor torpağa, çalış, su gülün!

Zöhhakın çiyni üstə bir cüt ilan,
Eyşü işrət qurub, içərlər qan.

Firidun ordusu ağıldır, din
Əzəcək o ilanları, bu yəqin!

Saray əhli deyil bu Xaqani,
Ona dostdur bu qəsr dərbani.

Fil deyil, məst olanda hay qopara,
Bir hörümçəkdir o, çıxar divara.

Rumlu bülbül tək ud çalır harda?
Bir sığırçındı qəmli - gülzarda.

Ya da bəzən o söyüdlükdə olar,
Zəngitək orda nalələr qoparar.

  • * *

Mavi rəngli bu yer üzündə bəşər,
Kordu, ancaq gözətçilik eylər.

Dünya xəndəkdi-palçıq ilə dolu,
Çulğamış odlu bir hasar da onu.

Bu yanan körpüdən hücum edərək,
Atım sıçradıb keç İsa tək.

Nədi, pərgar kimi bu nöqtədə sən,
Fırlana-fırlana qalıbsan həmən.

Səndə pərgar kimi iki hal var,
Bir ayağın durub, biri səyyar.

Nədir dünya? O hiyləgər qandır,
Bu səbəbdən o hiylə anbandır.

Yeddi pərdə, dalında pozğunlar,
Bu zibillik kəsifdir, murdar.

Qız - ağıldır, qadınlar - ulduzlar,
Bil, qadın qızlara həsəd aparar.

Fələyə əl açıb dilənmə nahaq,
Nədir o? Bir kasa qara torpaq.

Əqlinin qiyməti dinarsa əgər,
Dinar üçün əl açma, eylə həzər.

Bir bəladır tamah başa, bişekk,
Tamahından başın bəla çəkəcək.

Mis qaba sirkə tökmə, paxrı çıxar,
Tamahı qəlbə salma, canı yaxar.

Çatdı ömrün başa, nə tapdın sən?
Qəm gətirdi sənə yar ilə Vətən.

At ölüb, dırnağı düşüb, əlbət,
Olmasın baytar, olmasın nalbənd!

Baş bədəndən qopub düşərsə əgər,
Tacla əmmamə dərdinimi çəkər?

Yada salmırsa Səncarı Səncər,
Əqil öz xaliqin necə yad edər?

Ömrümüz Cami-Cəmə çox bənzər,
Sındırıb, ruzigar onu xar edər.

Sındı gövhər kimi, dağıldı daha.
Civə tək toplanıb cəm olmaz ha!

Can əcəldən aman çəkir bəzən,
Necə Əfrasiyab Rüstəmdən*.

Ömrünü yaxşı bil ki, Xaqani,
Qoca dünya edib onu fani.

Getsə ömrün əgər sənin hədərə,
Faydası hər nə isə, say zərərə.

Saçımın hər tükü rübab kimidir,
Baxtıma nəğmələr oxur bir-bir.

Arının, qumrunun xoş avazı,
Bəzəyər gül-çiçəkli hər yazı.

Gül toyunda çinar yaxarsa həna,
Sən təəccüb edib də, baxma ona.

Dərzi ilə yamaqçı - bir sənət,
Necə qardaşdı bəxt ilə sərvət,

Uzadar ömrü bəxt, xoş olsa əgər,
Üzə zinət verər qara gözlər.

  • * *

Bəh-bəh, ey bəxt, mehriban canan,
Ey cəfalar çəkən, vəfalı olan.

Burdaca, lap yanımdasan, ancaq,
Gəzmişəm mən səni uzaqda nahaq.

Bir cavansan, uşaq sanırdım mən,
Məst bilirdimsə, huşlusan, əhsən!

Yuxlamış bir uşaq sanım necə də,
Oyaq oldun yataqda sən gecə də.

Üzünə mən gecə deyə bilməm,
Bir səhərdir üzün, bilir aləm.

Söyləsəm: gəl, dönək ötən günə biz,
Hirslənərsən buna yəqin, şəksiz.

Sən pozubsan keçən ilin hesabın,
Bağlayıbsan o haqq-hesab kitabın.

Nə qədər muzd verəm, nə faydası var,
Qəbul etməzsən, eyləyərsən xar.

Hazıram mən döyüşməyə hər an,
Silahımdır sənin silahın, inan.

Asiman nizəni salıb əldən,
Çünki nizə vuran Günəşsən sən.

Şöhrəti dillərə düşən quşsan,
Gecə-gündüz qəfəsdə qalmışsan.

Xəyalın fikrimə veribdi qanad,
Ötmüşəm asimanı doqquz qat.

Qanadın altdadır o əhdə vəfa,
Dimdiyində bütün bir ömrə şəfa.

Fələyin sünbülündə dən yemisən,
Sağalıb, sonra uçmusan yenidən.

Qasid oldunmu, təşnə uçmalısan,
Su içən elçi quş qalar yoldan.

Üzərək, qoymusan balıqları mat,
İçmisən sən doyunca abi-həyat.

Bubbusan - sən mənə xəbər gətirən,
Məndən o dilbərə xəbər yetirən.

Təzə gül tək kolunda varsa tikan,
Kimsəyə verməyibsən əsla ziyan.

Sən işıqdan doğulmuş ağ qartal,
Gecənin qarğasın qovub dərhal,

Məndən ötrü ucalmısan fələyə,
İki ulduz hədiyyə eyləməyə.

Bu ilin üç ayı olunca tamam,
Tanış oldu mənimlə bir cüt imam,

İki imam, o iki Rüknəddin,
İki sirr Kəbəsi, iki mömin.

Bu iki ən şərəfli şəxs ilə mən,
Razıyam dostluğa, inan, qəlbən.

Bütün ömrüm boyu bu xoşdu mənə:
Güvənim onların da xidmətinə.

Bəxt edibdir əta bu dövlətimi,
Mən ki, tapdım bu ildə qismətimi.

Taleyim bəxş edib sevinci mənə,
Verdi bir vaxta bir cüt inci mənə,

Nə qədər xalq var cahanda bütün,
Hamıya onlar oldu arxa bu gün.

İki tacdır, inan, bütün bəşərə,
İki ulduzdu, nur saçır da yerə.

O iki şəxs ilə görüşdüm mən,
Xəyal asudə oldu şərlərdən.

Göyə bənzər biri lətafətdə,
Biri yer hakimi - xilafətdə.

Biri ruha dayaqdı, hikməti var,
Özü dörd ünsürə olan meyar.

O biri əqlə yol açan varlıq,
Üsuli-dinə etdi memarlıq.

Xoyda xadim isə bu Rüknəddin,
Reydə alim olub o Rüknəddin.

Bu Xoya, o Reyə edib xidmət,
Hər iki şəhrə verdilər zinət.

Bu Günəş qərq edib Reyi nura,
O, Xoy əhlinə oldu Ahura*.

Xoyda bu Şafei əqidə ikən,
Hənəfi oldu Reydə o qəlbən*.

Bu iki din rüknunə öyünüb,
Xoy olub Kufə, Reysə Misrə dönüb.

Xoy Rüknəddini suya bənzər,
Hara getsə, inan, o yer sevinər.

Rüknəddin zəkası vermiş pay,
Rey olub bolluğunda Misr ilə tay.

Bu, Nəbinin hədisin etdi şüar,
O, Əlinin kəlamını təkrar*.

O iki şəxsin olduğu məclis,
Kəbül-Əhbar, Kəbədir, şəksiz*.

Onlar olmuşdu sirlərin açan,
Elmlər sərdan, xəzinədan.

Çünki, saqidir, həm də pak onlar,
Həm Əli, həm də Cəfəri-Təyyar.

Söz açam mən üçüncü Cəfərdən,
Toxunar Bərməkilərə hökmən.

Hər ikisi döyüşdə qüvvətli,
Gül kimi incə, həm səxavətli.

Elmdə bürc, dözümdəsə Keyvan,
Günəşə bənzəyir vüqarda, inan.

Bu iki qütbdən alır köməyi,
Dolanır dini-islamın fələyi.

Onlar olmuş şeriətə məhvər,
Bu iki qütbdə o dövr eləyər.

Elmdə dağ deyim, ya da ümman,
Hər sözü dürr olan iki insan.

Çox görübsən dənizdə dağlar əgər,
İndi dağda dənizə eylə nəzər.

Bu iki şəxs tərk edib həvəsi,
Əli tək pakdır onların nəfəsi.

Allahın əmri ilə fıkr elə sən,
Əlidir aynada iki görünən.

O Ömərlər kimi dini qoruyan,
Onlar olmuş mənə dayaq hər an.

Biri Təbrizdə Xızr tək məşhur,
Öz həyat çeşməsilə etdi zühur.

O biri Reydədir, Məsihi-zaman,
Cismimə, ruhuna olub dərman.

Biri etmiş mənə həmişə kömək,
O birisi mənimlə həmməslək.

Gör ki, İskəndəri, Bürəhmən üçün,
Mağaraya özü gəlibdi bu gün.

Reydə Mərvin qoca şahı önünə,
Getdi Alp Arslan, faydası nə?

Səncərə dost imiş iki kəffaş,
Çəkər imiş hər həftə onlara baş.

Gün gedib, Şir ilə olar həmdəm,
Ruh ilə çün bədən olur bahəm.

Zərrənin Gün yanında qiyməti yox,
O edər zərrəni nəvaziş çox.

Rey ilə Xoydakı bu bir cüt imam,
Mədh üçün şerimə verər ilham.

Donuz hər asqıranda, burnundan,
Çıxar allahın hökmü ilə siçan.

Onlar asqırsa, şübhə yoxdu, gərək,
Dilə "Əlhəmd" kəlməsi gətirək.

Birdi, Xaqani, qiblə, bəllidi bu,
Sanıram qiblə həm də Reylə Xoyu.

Şerimin onda biri oldu bəyan,
Sözümün şəkkərilə doldu cahan.

Reydə o hörmət etdiyim insan,
Dünyanın fəxridir, bilir dövran.

Sədri-Tacəddin, indi əhli-kübar,
Tacidar söyləyir ona aşkar.

Demə sən əşrafın səxavətini,
Söyləmə möminin ibadətini.

Təxtü tacın əsiridir onlar,
Bunları qul edib əlində dinar.

Dilinin xəncərin çəkir qından,
Heyrət ilə baxır ona dövran.

O, Əmin Salehin əziz xələfi,
Adını fəxr ilə çəkir sələfi.

O kərəm cövhəri, sözə ustad,
Yaradan möcüzə edib icad.

Qəlbimə salmış o məhəbbətini,
Duyuram zülfünün təravətini.

Mehrinə eylə etmişəm adət,
Tələbə sanki öyrənir ayət.

Çün Əmin Yəhya, Cəfəri-Təyyar,
Oldular dinə tac, zamana vüqar.

Said ilə Əmini-Ali, inan,
Dinə başdır, kitaba da ünvan.

Bunun əqli, onunsa pak nəfəsi,
Tərifə layiq oldu hər birisi.

Tacda üçdür, Əmində dörd hərf var,
Bismdə və ilahda da bu qərar*.

...Odur İsa, mənəm ona bəndə,
Tapdım hökmüylə çün həyat mən də.

İsaya bəndəlik edər hər kəs,
Gecə-gündüz nədir, inan, bilməz.

İsa olmaq deyil belə asan,
Dara getməz onun tək hər insan.

Elmdə yox bərabərim, ancaq,
Fələk etmiş məni qəmə dustaq.

Sala bilməz kəlamımı gözdən,
Boşboğaz, div sifətli nəzm deyən.

Su itində məgər o qiymət var,
Ona qəndab verə neçin bolğar?

İki fəzlə mənəm bu gün rəhbər,
Gələcək nəslə də çatar bu xəbər.

Şahə qalxarsa mən minəndə kəhər,
Paxıl hər an buna paxıllıq edər.

Yox sözüm meydana təzə gələnə,
Edə bilməz paxıllıq heç də mənə.

Etmərəm mən sələflə bəhs əsla,
Tək çıxıb köhlənim mənim bu yola.

Göz dikiblər mənim sənət varıma,
Oğrunu qarğımaq gəlir arıma.

Oğruda olmasa əgər həya, ar,
Səsini doğrudan betər çıxarar.

Oğru dinsə, başın bəlaya salar,
Yol kəsən öskürərsə, peşman olar.

Paxılı xatirimdə saxlamıram,
Ancaq olmur xəyalım heç aram.

Yesə yüz il ilan əgər torpaq,
Torpaq axırda, bil, onu udacaq.

Bu qəsidəm də yeddiliklə gedir,
Ən gözəl səkkizinci şerimdir*.

Assalar Kəbənin önündən əgər,
Bil ki, bu şeri Kəbə örtük edər.

İmrul-Qeysin qəsidəsin yada sal,
Bu qəsidəm ona yetirdi zaval*.

Bu məsəldir, o kəs ki, çox deyinər,
Gecə vaxtı odun yığana dönər,

Arının zəhməti axır bal olur,
Şerimin tacı da bu minval olur.

Bu tumar arx kimi behiştə axar,
Dörd gözəl arxıdır onun bu tumar.

Verdim "İnsanlıq" ad, ürəklə buna,
Çün onunla yetişdi məna sona.

Üzrümü dinləsən, "Quran"da da var,
"Xalq" sözü sonda, eyləmə inkar!*

Hamin olsun iki cahanda sənin,
Sənə ruh bəxş edib, ömür verənin...