Xoyratlar (müxtəlif)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Xoyratlar Müəllif: Portal:Şifahi xalq ədəbiyyatı |
Ala quzu,
Yeməyə ala quzu.
Nahaq yerdən ev yıxar,
Adamım alaquzu.
Ay Alxas,
Gendə durma, ay Alxas.
Ər başı ərşə qalxar,
Evdə olsa, əyal xas.
Ay azaldı,
Göy üzün ayaz aldı.
Getdi, kömək qalmadı,
Arxamız ay azaldı.
Belə meylər,
İçilməz belə meylər.
Sevən yar sevdiyinin,
Axrın beləmi eylər?
Qar qalandı,
Qar yağdı, qar qalandı.
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı.
Qarsa yaz,
Bura gündü, Qars ayaz.
Qələm, qurbanın olum,
Qismətimi Qarsa yaz.
Qurd ağzı,
Qurd ulaşı, qurd ağzı.
Saya ağla dolunca,
Dəydi ona qurd ağzı.
Qurud aşı,
Yeməyə qurud aşı.
İnsanın könlü olsa,
Göyərdər quru daşı.
Nədən yana,
Xalların nədən yana.
Yaxşı dost yaman gündə,
Çəkilir nədən yana.
Oyanmadı,
Yatır yar, oyanmadı.
Qalandıq bir ocağa,
Mən yandım, o yanmadı.
Ozan oldum,
Obalar gəzən oldum,
Nə öldüm, nə qurtardım,
Hər dərdə dözən oldum.
Mənbə
redaktə- Azərbaycan bayatıları. Bakı, 2004.