Xuda bilir ki, mən, ey dust, bivəfa deyiləm

Xuda bilir ki, mən, ey dust, bivəfa deyiləm
Müəllif: Məhəmməd Hidəci
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Xuda bilir ki, mən, ey dust, bivəfa deyiləm,
Yoxum xilafü xəta, dusti-bisəfa deyiləm.

Vəfavü mehr əgər özgələrdə az tapılar,
Mən özgələr kimi bimehrü bivəfa deyiləm.

Deməm "cəfa eləmə" mən, cəfayə təbıb var,
Vəli, bu qədri də müstövcibi-cəfa deyiləm.

Sənə nə etmişəm, ey dərdimin devası, bü gün,
Uzanmışam ölürəm, layiqi-şəfa deyiləm?!

Əlac yox, məni bu dərd öldürər, bilirəm,
Dur ey təbib ki, mən qabili-dəva, deyiləm.

Rizayəm ölməyə ta qurtulum, mənə birisi –
Gər ağlaya mən öləndən sora, riza deyiləm.

Qocalmışam döşümün, başımın tükü ağarıb,
Yoxum ürəkdə həvəs, talibi-həva deyiləm.

Mənə deyillə: Demə xalq içində "mən dəliyəm",
Yalan niyə danışım, düşməni-xuda deyiləm.

Mən öymənəm özümü, kibrü naz yox məndə,
Xudayə şükr ki, bu dərdə mübtəla deyiləm.

Əqilliyəm dəliyəm, mən pisəm, əgər yaxşı,
Elə buyam ki, varam, adəmi-riya deyiləm.