Yüküm (Aşıq Ələsgər)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yüküm
Müəllif: Aşıq Ələsgər
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Ələstidən "bəli" dedim, əcəb xoşhaldı yüküm,
Beş gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm.
Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin,
Zəhmətdə zəhri-həlahil, ləzzətdə baldı yüküm.

Nütfəsindən əyri olan tez göstərər isbatın,
Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.
Hərcayı hədyana sayar, naşı bilməz qıymatın,
Əhli-urfan məclisində gövhərmisaldı yüküm.

Biçarə Aşıq Ələsgər, sığın Şahi-Heydara,
Onun damənindən tutan, Məhşərdə yanmaz nara.
Pirim mana nüsrət verib, bu gün çıxdım bazara,
Sən sərrafısan, aç xırd elə, bax gör nə maldı yüküm!