Yüküm (Aşıq Musa)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yüküm
Müəllif: Aşıq Musa

 
Ustadımdan dərs almışam,
Mim, əlif, daldı yüküm.
Dürrü qumaş çəm etmişəm,
Yaşıldı, aldı yüküm.
Mətahım eyi mətahdı,
Neylim yoxdu bazarı,
Əgər söz isbata keçsə,
Xeyli iqbaldı yüküm.

Yığılsın mərdanələr
Məclisi xoş eyləsin;
Mərd gərək mərdin yolunda
Sərin peşkaş eyləsin.
Bu gün saqi məclisidi,
İstəyən nuş eyləsin;
Abi-kövsərdən götürmüşəm,
Eyni zülaldı yüküm.

Həqiqətdən dərsim aldım,
Mərifətdən halıyam;
Təriqətdən dərs almışam,
Şəriəti tanıyam.
İsmimdi Aşıq Musa.
Şahi-Mərdan quluyam.
Xirdarı var sərf eyləsin,
Gör nə cəlaldı yüküm.