Yüküm (Varxiyanlı Aşıq Məhəmməd)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yüküm
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Eşqidən kamil olan, xeyli iqbaldı yüküm.
Dürlü qumaş cəm etmişəm, yaşıldı, aldı yüküm.
Matahm matah olunca, bazarın bazar olsun.
Nə alınmaz, nə satılmaz, xeyli zavaldı yüküm.

Mərdanələr yığılıban, söhbəti xoş eyləsin.
Bir-birinə xoş deyibən, sərin peşkəş eyləsin.
Saqiyəm, mərd məclisində içənlər nuş eyləsin.
Ab-kövsərdən almışam, abi-zülaldı yüküm.

Məhəmmədəm, sərrafkarıdı, hər nə desən varıdı.
Bir sözü cəvahiratdı, biri kövhərkarıdı.
Qədirbilənlər, yaxm gəl, qədirbilməzlər, geri dur.
Göstərmərəm hər yetənə yaqutu ləldi yüküm.