Yəməndə hər qıza baxdım, dedim ki, ceyrandır
Yəməndə hər qıza baxdım, dedim ki, ceyrandır Müəllif: Xaqani Şirvani Tərcümə edən: M.Mübariz |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Yəməndə hər qıza baxdım, dedim ki, ceyrandır,
Bu könlümün evi onlar gəzən biyabandır.
Yəmən olubdu məgər şux gözəllərin vətəni,
Maralların beşiyi ətirli gülüstandır.
Yəməndə silsilə dağlar fələklərə ucalır,
Baxanda zirvəsinə qərb ayı nümayandır.
O kəs ki, ömrü boyu eşqdən oruc tutdu,
Yəmən hilalını görcək, dedi ki, şəbandır.
Yəmən gözəllərinə səcdə eylərəm hər an,
Gözəl qadınlara könlüm həmişə heyrandır.
Deyirlər: əhdə vəfa gözləmə gözəllərdən,
Yəmənli əhd qılarsa, vəfası asandır.