Yaşa yar
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Cavan ömrüm bada gedir əlindən,
İnsaf eylə gözdən axan yaşa, yar.
Nola bir yol xoş söz çıxa dilindən,
Qürrələnib mən də deyəm, – yaşa, yar!

Qurban dedim bu canımı yara mən,
Yar incitdi, aldım min cür yara mən.
Dodağından dərmanını, yar əmən,
Düşkün xəstə yüz illəri yaşayar.

Məmmədhüseyn əldən verməz gülünü,
Sənin kimi xoş camallı Güllünü.
Sovur göyə intizarın külünü,
Solur ömür, artır bir-bir yaş, a yar.