Yaşamaq (Mirzə Əli Möcüz)

Yaşamaq
Müəllif: Mirzə Əli Möcüz


Nə xoşdi bir sənəmi–məhcəmal ilən yaşamaq,
Həmişə izzətü cahü cəlal ilən yaşamaq.
Fəraq dərdinə bir çarə eyləyin, yaran,
Mahaldır gecə-gündüz bu hal ilən yaşamaq.
Ümid-vəsl ilə xoş saxla xatirin, aşiq,
Fəraqə çarə edəmməz məlal ilən yaşamaq.
Fəqih mədrəsə hərgiz yeməzdi mali-həram,
Əgər müyəssər olaydı həlal ilən yaşamaq.
Bahari-ömrü keçibdir bizim Tükəzbanın,
Düşüb xəyalimə bir növ-nahal ilən yaşamaq.
Əsiri-şəhvət olub, əqlin eyləmə zail,
Sənə yaraşmaz, əmucan, maral ilən yaşamaq!
Cavan üçündü dəfü nayü məclisi-işrət,
Qocayə eybdi zurna-qaval ilən yaşamaq.
Cəlali-səltənət aldatmasın səni, ey qız,
Ölüm kimi acıdır ağsaqal ilən yaşamaq.
Dedim: Otur dizim üstə, əya, nigari-cavan
Ki, xoşdu Möcüzi-şirinməqal ilən yaşamaq.
Dedi: Çəkil o yanə, sürtmə saqqalın üzümə,
Mənim işim deyi cəngü cidal ilən yaşamaq.